Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilib


Baxıldı : 1675

Tarix : 2019-03-15 16:55:04


Martın 15-də Milli Məclisdə növbəti plenar iclas keçirilib. İclasa spiker Oqtay Əsədov sədrlik edib.

İclasda Konstitusiyaya uyğun olaraq Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşüb ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur. Əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə edib. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artıb.

Novruz Məmmədov deyib ki, özünüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verib. Hesabat ilində Prezidentin müvafiq Fərmanının icrası olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsinə başlanılıb və ilin sonuna 34 milyon manat vəsait ödənilib. Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunub.

Daha sonra hesabatla bağlı müzakirələr aparılıb. Sonda hesabat səsə qoyularaq, qənaətbəxş hesab edildi.