Milli Məclisin növbədənkənar sessiyası başa çatdı


Baxıldı : 138

Tarix : 2019-07-13 11:15:47


İyulun 12-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. Öncə 28 məsələdən ibarət gündəlik təsdiqləndi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin ATƏT PA-dakı nümayəndə heyətinə qurumun 28-ci illik sessiyasında yüksək səviyyədə fəaliyyət göstərdiklərinə görə dərin təşəkkürünü bildirdi.

Sonra Milli Məclisin Sədr müavini, ATƏT PA-da Azərbaycan  nümayəndə heyətinin rəhbəri Bahar Muradova həmin sessiyanın gedişi və qəbul olunan sənədlər barədə millət vəkillərinə ətraflı məlumat verdi. ATƏT PA-nın sessiyası ilə əlaqədar məlumat dinlənildikdən sonra plenar iclasda gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Öncə üçüncü oxunuşda parlamentin müzakirəsinə verilmiş 19 məsələyə baxıldı. Qanun layihələri barədə məlumatlar dinlənildi və münasibət bildirildi.

Sonra digər qanun layihələri də müzakirə olunaraq səsvermə yolu ilə qəbul olundu. Müzakirələrdə Milli Məclisin deputatlarını “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif etdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıq hissi ifadə olundu, təşəkkür ünvanlandı.

Bununla da Milli Məclisin növbəti iclası başa çatdı. Spiker növbədənkənar sessiyanı bağlı elan etdi. Azərbaycanın Dövlət Himni səsləndirildi.