Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib


Baxıldı : 406

Tarix : 2020-06-19 15:29:26


İclası açan parlamentin Sədri Sahibə Qafarova iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitindən danışıb. O, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Avropa İttifaqının 9 üzv ölkəsi arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.

Sədr Azərbaycan Prezidentinin sammitdə növbəti dəfə işğalçı Ermənistanın baş nazirini ifşa etdiyini vurğulayıb. Əlavə edib ki, dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Prezident Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq şəkildə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir və işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ermənistan danışıqların mahiyyətini və formatını məhv etməyə çalışır. Prezident İlham Əliyevin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyətin gözü önündə aciz vəziyyətə düşdü. Dövlətimizin başçısının irqçilik və terrorizmlə bağlı məsələlər ətrafında müzakirə gedəndə “ona sakit oturmağı tövsiyə edərdim” deməsi həm də Ermənistanın işğalçılıq siyasətinin, terrorizmi dəstəkləməsinin ifşası oldu. Nikol Paşinyan isə daha bir beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan faktları qarşısında heç bir cavab verə bilmədi. Bunu işğalçı dövlətin aldığı növbəti diplomatik zərbə kimi dəyərləndirmək olar.

Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəmizin maraqlarını, ədalətli mövqeyini bütün platformalarda ən yüksək səviyyədə və cəsarətlə müdafiə edir. Bu, Milli Məclisin deputatları olaraq hər birimiz üçün bir örnəkdir.

Sonra parlamentin Sədri Sahibə Qafarova iclasın gündəliyi barədə məlumat verib. O, gündəliyə 17 məsələnin daxil edildiyini deyib.

Gündəlik təsdiq olunduqdan sonra deputatlar cari məsələlərdən danışıblar.

Sonra gündəliyə daxil olan məsələlər müzakirə edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Komitə sədri layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı 34 deputatın çıxış etdiyini, qeyd və təkliflərini verdiyini, bir sıra məsələlərə Maliyyə naziri Samir Şərifovun aydınlıq gətirdiyini xatırladıb.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov deputatları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Digər qanun layihələri də müzakirələrdən sonra səsə qoyularaq təsdiqlənib