Milli Məclisin  növbəti plenar iclası 


Baxıldı : 70

Tarix : 2020-11-20 21:52:24


 

Noyabrın 20-də parlamentin növbəti plenar iclası keçirilib.
İclasın əvvəlində Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir və bu gün bəyanata uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub.
Bu münasibətlə təbriklərini çatdıran Sahibə Qafarova əminliyini bildirib ki, biz tezliklə Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub-yaradacağıq və tamamilə bərpa edəcəyik!
Milli Məclisin sədri qeyd edib ki, noyabrın 10-da imzalanan Bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu Bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.
Sonra iclasda 13 məsələdən ibarət gündəlik təsdiqlənib. 
Milli Məclisdə gündəlikdəki iki mühüm qanun layihəsini - “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə bu müjdəni vermişdi. Azərbaycan Prezidenti bildirmişdi ki, “mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”.
Əli Hüseynli vurğulayıb ki, təsis olunan yeni orden və medallar birmənalı şəkildə dövlətçilik atributlarını, hərbi və milli atributları əks etdirir. Hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var. Azərbaycan Prezidenti tərəfindən isə yeni 2 orden - “Zəfər” və “Qarabağ”, 15 yeni medal təklif edilib.
Sonra parlamentin spikeri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin canlı yayımda xalqa müraciəti birbaşa olaraq Milli Məclisin plenar iclas zalında yayımlanıb. Deputatlar müzəffər Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi zəfərdən sonra imzalanan bəyanat çərçivəsində Ağdama daxil olması ilə əlaqədar Müzəffər Ali Baş Komandan xalqa müraciətini qürur hissi ilə, diqqətlə dinləyiblər.
Milli Məclisdə “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi ilə əlaqədar qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda qəbul edilib.
Parlament işğaldan azad edilmiş rayonlarda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi barədə iki qanun layihəsini müzakirə edib. Plenar iclasda “Azərbaycan Respublikasının Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələrini təqdim edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, hər iki məsələyə Toponimiya komissiyasında da baxılıb və müsbət dəyərləndirilib. Komitə sədri onu da vurğulayıb ki, torpaqlarımızın işğal altında qaldığı dövrdə erməni vandalları tərəfindən Azərbaycanda 403-dək tarixi-dini abidə dağıdılıb ki, onlardan 67-si məscid, 114-ü məbəd, 192-si isə ziyarətgahlardır.
Məlumat dinlənildikdən sonra qanun layihələri səsə qoyulub, Milli Məclis Quçşubaba kəndinin Baharlı, Tsakuri kəndinin Hünərli kəndi adlandırılmasına razılıq verib.
Fikir mübadiləsində deputatlar Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Siyavuş Novruzov vurğulayıblar ki, Vətən müharibəsində Qələbənin qazanılmasında müstəsna və əvəzsiz rol oynayan, Azərbaycan xalqının ürəyində bu gün xilaskar və qəhrəman şəxsiyyət kimi yer tutan Ali Baş Komandanımızın da təltif olunması vacibdir. Deputatlar bu mənada daha bir ordenin təsis edilməsi barədə təkliflərini irəli sürüblər.
Deputatlar digər qanun layihələrini də müzakirə ediblər. Bununla da Milli Məclisin iclası başa çatıb.