Milli Məclisin növbəti plenar iclası keçirilib


Baxıldı : 172

Tarix : 2018-05-19 00:26:12


Mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. İclasda əvvəlcə deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya tətbiq etməsi məsələsinə öz etriazlarını bildiriblər.

AŞPA-nın qərarının ədalətsiz olduğunu deyən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu sanksiya bizə təsir göstərməyəcək. Biz Səməd Seyidovun fəaliyyətinə bələdik. O, nümayəndə heyətinin rəhbəri, komitə sədridir. Azərbaycan nümayəndə heyəti fəaliyyətini bundan sonra da davam etdirəcək.

Sonra isə gündəlikdə olan məsələlərin müzakirəsinə başlanılıb.

Əvvəlcə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənilib. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Vüqar Gülməmmədov Palatanın 2017-ci ildəki fəaliyyəti barədə məlumat verərkən deyib ki, audit olunan obyektlərdə ortaya çıxan nöqsanların aradan qaldırılması ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır. Nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə 18 milyon manat vəsaitin bərpasına nail olunub”.

Hesabat dinlənildikdən sonra deputatlar öz fikirlərini bildiriblər.

Sonra “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə yeni qanun layihəsi haqqında məlumat verib.  Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Həmçinin “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsində Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, developerin (Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi) hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapıb. Qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul olunub.

 

Sonra deputatlar Əmək Məcəlləsində, “Təhsil haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, Yanğın təhlükəsizliyi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər.