Milli Məclisin növbəti plenar iclası olub


Baxıldı : 151

Tarix : 2018-03-09 22:58:04


 

Martın 6-da Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Sonra qanun layihələrinin müzakirəsinə başlanılıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gündəlikdəki 13 məsələ eyni qovluqda Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanlanıb.

Bu məsələlər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Əvvəlcə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya qanunu barədə məlumat verən komitə sədri bildirib ki, sənəd “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədardır. Bu dəyişikliklər   I qrup əlil olmuş, səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan indiki və sabiq ombudsmanların pensiya təminatına aid ediləcək. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Əli Hüseynli Seçki Məcəlləsində, “Milli Məclis deputatının statusu haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Yaşayış minimumu haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında” sənədlərdəki dəyişiklikləri şərh edərək onların da oxşar xarakterli olduğunu bəyan edib. Bu layihələrdə olan dəyişikliklərin də “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli Qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədar olduğu vurğulanıb. Qeyd olunub ki, dəyişikliklər özündə bir sıra kateqoriyadan olan insanların imtiyazlı pensiya hüququ əldə etməsi üçün müddətin 10 il artırılmasını ehtiva edir. Əvvəl bu müddət 25 il olub, indiki Qanunla isə 35 il müəyyən edilir. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

İclasda əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, sənəd sahibkarlığın inkişafını daha da gücləndirmək üçün nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta borcları sahibkarlığın inkişafına ciddi əngəl törədir. O deyib ki, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. Məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyon manatdan çoxdur. Bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir mənfi təsir göstərməyəcək. Sənəd səsvermə yolu ilə qəbul edilib.

Digər qanun layihələri də müzakirədən sonra təsdiq olunub və bununla da Milli Məclisin iclası başa çatıb.