Milli Məclisin yaz sessiyası başa çatdı


Baxıldı : 54

Tarix : 2018-06-02 02:36:52


İclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə 24 məsələ daxildir.

İclasda əvvəlcə “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.

Sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul olunub.

Bundan başqa, deputatlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə ediblər. Deputatlar qanun layihəsinə səs veriblər.

Sonra Torpaq və İnzibati Xətalar məcəllələrində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında”, “Notariat haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar təklif olunan dəyişiklikləri nəzərdən keçirərək fikir və təkliflərini səsləndiriblər. Beləliklə, müzakirə edilən qanun layihələri səsə qoyularaq qəbul olunub.

Bundan əlavə, iclasda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.