Milli Qurtuluşdan başlanan yol


Baxıldı : 122

Tarix : 2017-06-09 21:22:16


1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Ölkənin qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Müstəqil dövlətçilik ənənələrinin formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur.

Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda ümummilli lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir.