Milli zövqün formalaşmasında efir  güclü vasitədir


Baxıldı : 45

Tarix : 2017-11-04 04:28:49


Cəmiyyətin mədəni həyat səviyyəsini müəyyənləşdirən, dünyagörüşünü formalaşdıran əsas amillərdən biri televiziya kanalları və orada hazırlanaraq efirə çıxan müxtəlif proqramlardır. Mövqeyindən asılı olmayaraq televiziyamız bütün hallarda insan ləyaqətinə, milli mənəvi dəyərlərin qorunmasına xidmət etməyə borcludur.

Bəs televiziya proqramları günün tələblərinə cavab verirmi və xalqın dünyagörüşünün, mənəvi zənginliyinin formalaşmasına necə təsir edir?

Sosioloq Əhməd Qəşəmoğlu bu məsələnin haqlı olaraq diqqət mərkəzində olmasını söyləyir: "Televiziya, efir insanlarımızda, gənclərimizdə davranışı, mədəniyyəti formalaşdırmaq üçün ən güclü vasitədir. Əfsuslar olsun ki, ölkəmizdəki efirlərin çox hissəsini şou xarakterli verilişlər təşkil edir. Bu verilişlərdə bayağı sözlərə, kəlmələrə daha çox rast gəlinir. Efir mədəniyyətinə uyğun olmayan kəlmələrin səslənməsi və qeyri-etik davranış normaları gənclərin fikirlərinə, eləcə də dünyagörüşünə mənfi təsir göstərir. Yaşlı nəsil də haqlı olaraq efir proqramlarında işıqlandırılan qeyri-etik normalara qarşı çıxaraq belə verilişlərin gənc nəslin tərbiyəsinə olduqca mənfi təsirindən şikayətlənirlər. Və milli dəyərlərimizin unudulduğunu, milli kinolarımızın, xalq mahnılarımızın, ən əsas da muğamlarımızın gənclərimiz tərəfindən tanımamalarından narazılıqlarını bildirirlər. Amma bayağı verilişlərin qarşısını almaq üçün bir neçə mərhələdə iş görmək lazımdır. İlkin olaraq rəhbərlik səviyyəsində bəzi işlər görülməlidir. İndiki vaxtda belə bir şüar səsləndirirlər ki,  xalq bunu istəyir. Biz həmin bayağı verilişi verəndə reytinq yuxarı olur. Bu, olduqca aldadıcı və təhlükəli bir cavabdır. Bizim əsas borcumuz odur ki, efirdə elə bir şərait yaradaq ki, xalqımız  gündən-günə daha mədəni, mənəviyyatlı, ən əsası isə dünya xalqları səviyyəsində olsunlar".

"Milli Televiziya və Radio Şurası uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və televiziya məkanında kodsuz yayımlanan proqramlardan qorunması üçün daimi monitorinqlər aparır və müvafiq tədbirlər həyata keçirir". Bunu Milli Televiziya və Radio Şurasının Monitorinq Şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, teleradio haqqında qanunvericilikdə konkret tələblər var ki, televiziya kanalları o tələblərə riayət etməlidir.

Əsli ƏHMƏDOVA