Minifutbol üzrə çempionat


Baxıldı : 140

Tarix : 2017-05-05 22:24:30


24 aprel - 1 may tarixlərində Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqı və İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında minifutbol üzrə çempionat keçirilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında təşkil edilən çempionatda hər birində 12 nəfər olmaqla 15 komanda yarışıb.

Komandalar 4 qrupda  mübarizə aparıb, hər qrupda 1-ci və 2-ci yeri tutanlar 1/4 finala vəsiqə qazanıb. Yarımfinalda Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ilə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) ilə Gəncə Regional Mərkəzinin (GRM) futbolçuları qarşılaşıb. Bu oyunların nəticəsinə görə, finalda XRXX və MTTİ təmsilçiləri görüşüb. Əsas vaxtda qalib müəyyənləşmədiyindən penalti seriyasında üstünlük qazanan XRXX komandası çempion olub.

MTTİ-nin futbolçuları ikinci yeri tutublar. 3-cü yer uğrunda keçirilən görüşdə DYMX GRM-yə 5:2 hesabı ilə qalib gəlib.

Final oyunundan sonra keçirilmiş mərasimdə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev, İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Fizuli Musayev və FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış ediblər.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Elmir Quluzadə, ən məhsuldar hücumçu Şünasib Məmmədov, ən yaxşı qapıçı isə Elvin Zeynalov olub.

Azər MUSTAFAYEV