Miqrant işçilərin texnologiyadan istifadə imkanları dəyərləndirildi


Baxıldı : 36

Tarix : 2018-11-03 04:42:24


Oktyabrın 29-30-da Sinqapurda 11-ci   ASEAN Miqrant İşçi Forumu  keçirilib.  “Asiya və Sakit Okean Regionunda miqrant işçilərin layiqli əməyə cəlb edilməsində rəqəmsal texnologiyanın təsiri” Forumda əsas müzakirə mövzusu olub. Beynəlxalq Əmək Təşkilatının (BƏT) miqrant işçilərlə bağlı mütəxəssisi Anna Engblom rəqəmsal texnologiyanın müsbət və mənfi tərəfləri barədə danışıb. O qeyd edib ki, texnologiya və kommunikasiya vasitələrinin inkişafı daha çox  məlumat almağa və insanlarla əlaqə yaratmağa imkan verir: “Miqrantlar isə bu texnologiyanı fürsətə çevirərək sənədləşmə və işlə bağlı proseduraları internet vasitəsilə həll edə, gedəcəkləri ölkə  və çalışacaqları iş haqqında geniştərkibli araşdırma apara bilərlər. Burada həmçinin əmək müqaviləsi, ödəniş qaimələri, tibbi sığorta və digər məlumatlar idarə edilə bilər. Son vaxtlarda  tərcümə proqram və tətbiqləri miqrant işçilərə partnyorlarla daha sıx əlaqə saxlamağa və yeni yaşayış yerində sosiallaşmağa imkan yaradır. Sosial mediadan aktiv istifadə həmkarlarla əlaqəli fəaliyyətə və müstəqil şəkildə  hüquqlarının müdafiəsi üçün tələb və təkliflərini irəli sürməyə imkan yaradır. İnternet vasitəsilə maliyyə məsələlərini həll etmək, əlavə vaxt və xərc olmadan pul köçürmə və onlayn ödənişlər həyata keçirmək də mümkündür. Asiya və Sakit Okean Regionu hazırda dünyada internetdən istifadə edən insanların yarısının yaşadığı ərazidir. Hər gün bölgədə təxminən 2 milyard insan telefon vasitəsilə internetdən faydalanır. Amma bununla belə hələ də bölgənin hər yerində internetin sürəti tələbi qarşılamır. Bu yöndə ölkələrin telekommunikasiya şirkətləri müəyyən işlər görməlidir. Məlumatların toplanması və paylaşılması, elektron iş müraciəti və üzv profillərlə əmək müqaviləsi bağlanılması, onlayn iş görüşmələri miqrant işçilərin rəqəmsal texnologiyalardan geniş istifadə etməklə imkanlarını genişləndirməyə şərait yaradan amillərdəndir.  Texnoloji inkişaf əmək bazarında imkanları artırır. Sadəcə olaraq, daha diqqətlə istifadə olunmalı, lazımi şəkildə yararlanmağın yolları araşdırılmalıdır”.

BƏT- in dəstəklədiyi Forumda həmçinin idarəetmədə yeniliklərin tətbiqi, miqrant işçilərin hüquqlarının müdafiəsi, köç və inkişafın beynəlxalq arenada dəstəklənməsi kimi mövzularda müzakirələr aparılıb.

Cavid SƏFƏROV