“Missiyamızı əsasən kollektiv saziş və müqavilələr vasitəsilə həyata keçiririk”


Baxıldı : 53

Tarix : 2017-10-14 05:03:05


Energetika iqtisadiyyatımızın elə sahələrindəndir ki, onun fəaliyyətinə qiymət vermək üçün hansısa qovluqları, sənədləri araşdırmaq lazım gəlmir. Əhali energetika sisteminin durumunu öz gündəlik həyatlarında görür və dəyərləndirir.

Cəsarətlə deyə bilərəm ki, bu gün energetika sistemi öz potensialını artırmaq xəttini tutaraq əhalini və iqtisadiyyatı tam elektrik enerjisi ilə təmin edir.

Buna istehsalata yeni texnologiyaların tətbiqi sayəsində nail olunur. Yeni texnologiyaların tətbiqi əvvəla enerji istehsalına sərf olunan yanacağı azaldır. Beləliklə, minlərlə ton şərti yanacağa qənaət edilir. Nəticədə ekologiyanın çirklənməsi təhlükəsi ortadan qalxır, enerji sisteminin gəlirləri çoxalır. Əməkhaqqı  artır. Sosial problemlərin aradan qaldırılması üçün əlavə vəsait əldə olunur.

Bu proses həmkarlar ittifaqının da fəaliyyətinin daha səmərəli olmasına müsbət təsir göstərir. Biz missiyamızı əsasən kollektiv saziş və müqavilələr vasitəsilə həyata keçiririk. Bu sənədlərdəki sosial təminatlar həm sosial-iqtisadi, həm mənəvi, həm də siyasi məna daşıyırlar. Sazişlər və müqavilələrdə qəbul edilmiş öhdəlikləri tam yerinə yetirməklə biz-yəni sosial partnyorlar, dövlətimizin sosial-iqtisadi kursunun reallaşması işinə, kiçik də olsa,  töhfə vermiş oluruq. Kollektiv saziş və müqavilələrə əsasən, dövlət, milli, dini bayramlar, Energetiklər Günü təntənəli qeyd olunur, işəgötürən tərəfindən işçilərə birdəfəlik mükafatlar verilir.

Sahə və kollektiv müqavilələr bağlanarkən Baş Kollektiv Sazişə əsaslanırıq. Bu sənəddə həmkarlar ittifaqını maraqlandıran və narahat edən əksər məsələlər öz əksini tapmışdır. Belə ətraflı Baş Kollektiv Saziş bizim işimizi xeyli asanlaşdırır. Onun işlənib bağlanmasına görə Konfederasiyanın rəhbərliyinə minnətdarlığımızı bildiririk. Sahə həmkarlar ittifaqının xidmətində olan müəssisələrdə işçilərin əməyinin təhlükəsizliyinə və mühafizəsinə xüsusi diqqət yetirilir. Bu sahədə görülən işləri daha da təkmilləşdirmək üçün "Azərenerji" ASC-nin müəssisə və təşkilatları arasında hər il əməyin mühafizəsi üzrə baxış-müsabiqə keçirilib. Baxış-müsabiqənin əsas məqsədi müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat zədələnmələrinin profilaktikası, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, əks-qəza və əks-yanğın məşqlərinin keyfiyyətli təşkilini təmin etməkdir.

Qalib müəssisələrə "Azərenerji" pul mükafatı, Respublika Komitəsi isə hədiyyələr təqdim edir.

AHİK-in qərarına əsasən, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi altında hər il keçirilən Respublika baxış-müsabiqəsində sahə həmkarlar ittifaqının xidmətində olan müəssisələr iştirak etmiş və birincilər sırasında olmuşlar. Onlar AHİK-in Diplom və hədiyyələri ilə təltif ediliblər.

Həmkarlar ittifaqı üzvlərini mədəni-kütləvi və idman tədbirlərinə geniş cəlb etmiş, onların asudə vaxtlarının, istirahətlərinin qayğısına qalmışdır. Son illər bu işə diqqət daha da artırılmışdır.

Belə ki, ilk təşkilatların təşkilatçılığı ilə işçilər və ailə üzvləri yay mövsümlərində ölkəmizin səfalı guşələrində (Nabran, Quba, Dəvəçi, Xızı, Altıağac, Gədəbəy, Hacıkənd, Goranboy, Oğuz, Qəbələ, Qax, Zaqatala, Masallı, İsmayıllı) dincəlmişlər.

Əksər təşkilatlarda futbol, voleybol, tennis, stolüstü oyunlar üzrə yarışlar keçirilir. Qalibləri həmkarlar ittifaqı komitələri mükafatlandırır.

Sahə həmkarlar ittifaqının idman komandaları AHİTA-nın və "Zenit" İdman Cəmiyyətinin keçirdikləri spartakiadalarda fəal iştirak edirlər.

Kollektiv sazişdə gənclər üçün bir sıra güzəştlər nəzərdə tutulmuşdur.

Həmkarlar ittifaqı komitələri zərərli işlərdə qadınların işləməsinə yol verilməməsini nəzarətdə saxlayır. Qadınlar sahənin ictimai həyatında fəal iştirak edirlər.

Həmkarlar ittifaqının fəaliyyətində humanitar iş xüsusi yer tutur. Respublika Komitəsi və ilk təşkilatların həmkarlar ittifaqı komitələri şəhid ailələrinə, əlillərə, qaçqın və köçkünlərə, uşaq evlərinə, hərbi hissələrə dəfələrlə mənəvi və maddi dayaq olmuşlar.

Azərbaycan energetiklərini qarşıdan gələn peşə bayramı ilə əlaqədar təbrik edir, hamıya cansağlığı və uğurlar arzulayırıq.

Rafiq İLDAROV,

Elektroenergetika və

Elektrotexnika Sənayesi

İşçiləri Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri