Əmlak vergisi fərqli qaydada ödəniləcək


Baxıldı : 405

Tarix : 2015-01-24 03:49:00


Bu ildən vətəndaşlar əmlak vergisini də əvvəlki illərdən fərqli qaydada ödəyəcəklər. Belə ki, əvvəllər də mülkiyyətçilər bu vergini mənzil-kommunal birliklərinə (\ JEK\ ) və ya bələdiyyələrə ödəyirdilər. Əmlakın ümumi dəyərindən 5 min manat çıxılırdı, yerdə qalan vəsaitin 0,1 faizi qədər vergi ödənilirdi. İndi isə verginin ödənmə şərtlərində dəyişikliklər olub. Ötən ilin iyununda \ Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında\ qanunda da dəyişiklik edilib. Həmin dəyişikliklərə görə, bu il yanvarın 1-dən ödəniş mülkün ümumi sahəsinə görə aparılacaq. Mülkiyyətin ümumi sahəsindən 30 kvadratmetr çıxılacaq. Yerdə qalan sahənin hər kvadratmetrinə görə vergi ödəniləcək. Vergi hesablanması əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişəcək. Məsələyə münasibət bildirən iqtisadçı Qubad İbadoğlu deyir ki, yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini invertar dəyərinə görə deyil, onların xüsusi mülkiyyətində olan mənzillərin sahəsindən asılı olaraq ödəyəcəklər: \ Yeni dəyişikliyə görə, əmlak vergisi 30 kvadratmetrdən çox olan sahənin hər kvadratmetrinə görə hesablanacaq və regionlar üzrə fərqləndiriləcək. Bu ildən etibarən 10 sotdan çox torpaq sahəsi olan fiziki şəxslər də əvvəlki illə müqayisədə daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar\ . İqtisadçı Rövşən Ağayev isə deyir: \ Köhnə qaydalara görə, bələdiyyələrə ödəniləcək əmlak vergisi inventar dəyəri reyestr xidməti tərəfindən müəyyən edilmiş, çıxarışı olan evlər və mənzilər üçün idi. İndi vergi hesablanarkən mənzilin ümumi sahəsindən 30 kvadratmetr çıxılacaq və yerdə qalan sahə kənd yerində 10, Bakı şəhərində minimum 40 qəpiyə vurularaq əmlak vergisi tutulacaq. Bakı ölkəmizdə yeganə şəhərdir ki, baza vergi məbləğinə 1/7 əmsal tətbiq olunmaq ixtiyarı olacaq. Məsələn, 40 qəpiyə qarşı 68 qəpik tətbiq edilə bilər. Amma bunun üçün bələdiyyələrin mütləq qərarı olmalıdır. Həmin qərarda əmlak vergisinin nə üçün həmin məbləğdə tələb olunması əsaslandırılmalıdır. Həmin normativ akt isə Ədliyyə Nazirliyində reyestrdən keçirilməlidir. Yalnız bundan sonra həmin akt qanuni qüvvəyə minir və bələdiyyə bunun əsasında vətəndaşdan hansısa məbləğdə vergi tələb edə bilər\ .R.Ağayev deyir ki, əmlak vergisinin bələdiyyələrə ödənilməsi bu qurumların işləməsi üçün müsbət haldır. Amma bələdiyyələrin də vergi almaqla yanaşı, vətəndaşların gözləntilərinə uyğun işləməsi vacibdir. Bir maqamı da qeyd edim ki, əvvəllər çıxarışı olmayan evlərdən bələdiyyə heç bir ödəniş tələb edə bilməzdi. Çünki əmlak vergisi dəyəri müəyyənləşdirilmiş mülkiyyətə uyğun tutulurdu. İndiki halda isə əgər vətəndaşın faktiki istifadə etdiyi əmlak varsa, onu uyğun vergi verəcək. Həmçinin yeni qaydalar vətəndaşların işlərini də asanlaşdırıb. Əvvəllər mənzil-kommunal istismar sahələri vətəndaşlardan əmlak vergisi adı altında istədikləri məbləği ala bilirdilər. İndi isə hər kəs üçün açıq olan əmsallar var və vətəndaşlar öz əmlaklarının sahəsinə uyğun vergi ödəyəcək\ . Milli Məclisin Regional Siyasət Komitəsinin üzvü, millət vəkili Tahir Rzayev də deyir ki, yeni dəyişikliklər həm bələdiyyələrin, həm də vətəndaşların xeyrinədir: \ Vergilər Məcəlləsinə edilən dəyişikliklərdən də görünür ki, artıq əmlak vergisi almaq üçün əmlakın qiymətləndirilməsinə ehtiyc yoxdur. Əgər vətəndaşın istifadəsində olan daşınmaz əmlak varsa, mülkiyyət hüququnu təsdiq edən sənədin olub-olmamasından asılı olmayaraq onun sahəsinə uyğun əmlak vergisi ödəməlidir. Əgər həmin vətəndaşın əmlak üzərində mülkiyyətini təsdiq edən sənəd varsa, əmlak vergisi həmin sənədə əsasən hesablanacaq. Əgər həmin sənəd yoxdursa, bələdiyyələr vətəndaşların istifadəsində olan daşınmaz əmlakı ölçərək vergi hesablayacaq\ .Xalid AZƏR