Mövsümi məsələlərə baxıldı


Baxıldı : 86

Tarix : 2019-07-08 07:23:49


İyunun 27-də “Xidmət-İş” Hİ Federasiyasında “Gender bərabərliyi və qadın problemləri, Əməyin mühafizəsi və Əmək və sosial-iqtisadi məsələlər üzrə komissiya”ların, Gənclər Şurasının, Bakı şəhəri üzrə sahə həmkarlar ittifaqı komitələrinin sədrlərinin və fəallarının iştirakı ilə növbəti iclas keçirilib.

İclasda giriş sözü söyləyən Federasiyanın I vitse-prezidenti Sadət Tahirova diqqəti bir neçə gündür ki, ölkə ərazisində müşahidə olunan kəskin istilərə yönəltdi. Dedi ki, isti hava şəraiti günvurmalara səbəb olub. Təcili tibbi yardıma müraciət edənlərin sayı gündən-günə artır. Bir çox yerdə insanlar açıq şəraitdə, günün altında işləyirlər. Onlar günün qızmar çağlarında belə, yol çəkir, asfalt döşəyir, körpü tikir, daş qaldırır, tarlalarda çalışırlar. Əmək qanunvericiliyinə görə, bu qəbil peşədə çalışan işçilərə havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərə fasilələr verilir və iş dayandırılır. İşin dayandırılması və fasilələrin verilməsi, habelə fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar ittifaqının birgə qərarı əsasında həyata keçirilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq, ödənilir. Qanunun tələbi hər bir sahibkara çatdırılmalı, ittifaq üzvlərinin hüquq və mənafeləri qorunmalıdır.

Sadət xanım dedi ki, yay mövsümündə, işçilərin və onların ailə üzvlərinin sanatoriya-profilaktoriyalarda, istirahət mərkəzlərində və turist bazalarında kütləvi halda dincəldiklərini nəzərə alaraq, əlaqədar müəssisələrdə maarifləndirmə işləri aparılmışdır. Bundan əlavə, üzv müəssisələrdə yoxlamalar keçirilmişdir. Yoxlamalar zamanı həmçinin texnoloji avadanlıqların təhlükəsizlik və istehsalat gigiyenasının tələblərinə nə dərəcədə cavab verməsi, qoruyucu çəpərlərin, yanğın əleyhinə xilasedici vasitələrin, ilan sancması əleyhinə zərdabların, qadağanedici və xəbərdaredici nişan və plakatların olmasına xüsusi diqqət yetirilmişdir.

Hər il olduğu kimi, bu il də Respublika Dezinfeksiya Mərkəzinin profilaktik dezinfeksiya şöbəsi ilə müqavilə bağlanmışdır. Şöbənin əməkdaşları müqaviləyə uyğun dezinfeksiya və deratizasiya işlərini yerinə yetirirlər. “Bilgəh”, “Abşeron”, “Günəşli”, “Qaranquş”, “Naftalan” sanatoriyalarının və “Şəki” İstirahət Evinin binaları yanğın əleyhinə avadanlıq və inventarla təmin edilmişdir. Görünən yerlərdə təxliyə planı asılmışdır. “Bilgəh” çimərliyində Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ dəstələri bütün gün ərzində növbə çəkir. Çimərlikdə “xəbəredici”, “qadağanedici” nişanlar quraşdırılmışdır.

Sadət xanım sonda üzv təşkilatları AHİK-in keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)”, “İlin peşəkar gənci” müsabiqələrində fəal iştirak etməyə çağırdı.