Mövcud fəaliyyət və gələcək strategiyalar müzakirə edilib


Baxıldı : 45

Tarix : 2018-06-02 01:59:47


İndustriALL Qlobal İttifaqının İnformasiya, Kommunikasiya Texnologiyaları və Elektroenergetika Sənayesinin (İKT ES) Direktorlar Şurasının Hindistanın Mumbai şəhərində toplantısı baş tutub. Toplantıda Regionun İndustriALL-a bağlı həmkarlar təşkilatı nümayəndələri iştirak edib.

Tədbirdə dünya həmkarlar təşkilatlarının gündəmində olan əsas məsələlər- sendikal fəaliyyətin güclənməsi, qarşıya çıxan problemlər, mövcud fəaliyyət və gələcək strategiyalar müzakirə olunub.

İndustriALL-ın İKT ES sektoru üzrə sədri Takahiro Nonaka çıxış edərək dünyanın hər yerində təhlükəsiz əmək şəraitinin genişlənməsi, texnologiyanın inkişafı ilə bir sıra problemlərin ortaya çıxması barədə danışıb. O qeyd edib ki, çətinlikləri dəf etmək üçün sektordakı həmkarlar təşkilatlarının birlikdə mübarizə aparması əsas şərtlərdəndir: “Digər mühüm məsələ isə  bu sahə üzrə gender bərabərliyinin təminatına nail olmaqdır. Məqsəd həmkarlar təşkilatının fəalları sırasında qadınların daha çox yer almasına nail olmaqdır. Bununla biz fəaliyyətimizi daha da genişləndirə bilərik”.

Toplantıya İndoneziya, Vyetnam və Filippin adalarından qatılan nümayəndələr fəaliyyətləri barədə məlumat verib, əmək şəraitinin yaxşılaşdırılması barədə fikirlərini paylaşıblar.

İndustriALL-ın baş katibinin müavini Cenni Holdkroft çıxış edərək sektor üzrə əldə olunan irəliləyişdən söz açıb. O qeyd edib ki, son illərdə İndustriALL-la  ona bağlı olan təşkilatlar arasında əlaqələrin genişlənməsi üzvlərin sayının artmasına müsbət təsir edib: “Bununla belə sektorda geniş tədarük zincirinə sahib şirkətlərin həmkarlar təşkilatının fəaliyyətinə mane olması problemlərin həllində çətinlik yaradır. Biz beynəlxalq şirkətlərlə dialoq yaratmaq üçün yeni strategiyalar hazırlamalıyıq”.

İndustriALL-ın İKT üzrə direktoru Kan Matsuzaki işçi hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və son illərdə üzvlərin sayındakı artım barədə məlumat verdi.

Toplantıdan sonra “Siemens” şirkətinin Mumbaidəki fabrikinə ziyarət təşkil olunaraq qurumun həmkarlar təşkilatı nümayəndələri ilə görüş təşkil edildi.

 

Cavid SƏFƏROV