Mövqeyimiz ondan ibarətdir ki, işçilərin pozulmuş hüquqları məhkəməyə qədər həllini tapsın


Baxıldı : 205

Tarix : 2018-02-05 05:51:23


Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) IV qurultayının növbəti beş il üçün üzvlərin əmək və sosial hüquqlarının qorunması sahəsində müəyyənləşdirdiyi istiqamətlər uğurla həyata keçirilmişdir. Bu müddətdə sahə həmkarlar ittifaqlarında ümumilikdə 891 monitorinq və yoxlama aparılmışdır. 7383 işçiyə hüquqi yardım edilmişdir.

Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılmış, müvafiq qərar qəbul edilmiş və aidiyyəti üzrə təsərrüfat orqanlarına, işəgötürənlərə məlumat verilmişdir. Əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanmasına və xitam verilməsinə, işçilərin iş vaxtının uçotunun düzgün aparılmasına, istirahət vaxtlarının, o cümlədən məzuniyyət hüquqlarının təmin olunmasına, habelə əlillərə, yaşı 18-dən az olan işçilərə, qadınlara verilən əlavə məzuniyyət günlərinin, imtiyazların qanunvericiliyə uyğunluğuna xüsusi diqqət yetirilmişdir.

Ötən dövr ərzində AHİK-in Hüquq şöbəsi 37 normativ-hüquqi aktın layihəsinə təkliflər vermiş və həmin təkliflərin əksəriyyəti nəzərə alınmışdır. Müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları tərəfindən göndərilmiş normativ-hüquqi aktların layihələrinin ekspertizasında iştirak etmişlər. Qanunlara dəyişiklik edilməsi ilə bağlı təkliflər irəli sürmüşlər.

Həmkarlar ittifaqının hüquqşünaslarının əsas vəzifələrindən biri də işçilərin hüquqlarını məhkəmə instansiyalarında da qorunmasıdır. Qurultaylararası dövrdə hüquq müfəttişləri 255 halda məhkəmədə iddia qaldırmış, onlardan 180-ni işçinin işə bərpası ilə nəticələnmişdir. Bərpa olunan işçilərdən bir çoxu məcburi işburaxma müddəti üçün kompensasiya almışdır.

Həmkarlar ittifaqı üzvlərinin işə bərpası təkcə məhkəmə qaydasında olmamışdır. 3145 ərizəçi işə bərpa ilə bağlı həmkarlar ittifaqına müraciət etmiş, onlardan 983 nəfəri işə bərpa olunmuşdur.

Lakin həmkarlar ittifaqlarının mövqeyi ondan ibarətdir ki, işçilərin pozulmuş hüquqları məhkəməyə qədər, yəni təşkilatda müsbət həllini tapsın. Bu məqsədə nail olmaq üçün konfederasiyanın hüquq şöbəsi tərəfindən “Müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri nəzdində fərdi əmək mübahisələri üzrə komissiya haqqında əsasnamə” işlənib hazırlanmış, AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilərək üzv və tabe təşkilatlara göndərilmişdir. Nəticə olaraq müəssisə və təşkilatlarda həmkarlar ittifaqları komitələri nəzdində 4065 fərdi əmək mübahisələri üzrə komissiya yaradılmışdır. Həmin komissiyalarda 492 halda işəgötürənlə işçi arasında olan münaqişə araşdırılmışdır.

Qurultaydan sonrakı dövrdə AHİK-in hüquq şöbəsi tərəfindən daha bir mühüm sənəd - “Həmkarlar ittifaqı üzvlərindən tutulmuş üzvlük haqlarının həmkarlar ittifaqı təşkilatlarının xüsusi hesabına köçürülməməsinin qarşısının alınmasına dair tövsiyələr” hazırlanmışdır. Tövsiyələr üzv və tabe təşkilatlara göndərilmişdir.

“AHİK-in IV qurultayının hesabat məruzəsində və nümayəndələrin çıxışlarında səslənən irad, tənqidi qeydlər və təkliflərin həyata keçirilməsi ilə əlaqədar tədbirlər planı”na uyğun olaraq konfederasiyanın və üzv təşkilatların hüquqşünasları paytaxtda, bölgələrdə yerləşən müəssisələrdə, idarə və təşkilatlarda təşkil olunan seminarlarda, treninqlərdə, dəyirmi masalarda, eləcə də kurslarda mühazirələr oxumuşlar, dinləyicilərin suallarını cavablandırmışlar.

Təkcə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  oxunan mühazirələrdə 2746 nəfər həmkarlar ittifaqı sədri və fəalı dinləyici qismində iştirak etmişdir.

Təşkilatımız bundan sonra da üzvlərinin hüquqlarının təminatı keşiyində əzmlə duracaqdır.

 

Sevil Zeynalova,

AHİK-in Hüquq şöbəsinin mütəxəssisi