MSK parlament seçkilərinə yekun vurub


Baxıldı : 272

Tarix : 2015-11-20 05:56:00


Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.MSK-nın noyabrın 18-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır. Bu proses bu gün başa çatıb. Ötən müddət ərzində MSK daxil olan şikayətləri araşdırıb və qərarlar qəbul edib. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, MSK Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar dairələrdə seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, şikayətlərlə əlaqədar seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədlərin statusunu dəyişdirəcək qərarlar verilməyib. MSK yalnız noyabrın 17-də 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsindən 17-də seçkinin nəticələrini etibarsız sayıb və bu dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib.MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 55,4 faizi iştirak edib.90 saylı Ağdaş Seçki Dairəsi üzrə 17 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Biinəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 53 saylı Quba-Qusar Seçki Dairəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 121 saylı Laçın Seçki Dairəsi üzrə bəzi seçki məntəqələrində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub.90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi dairələr üzrə ümumi nəticəyə təsir etməyib. Ümumilikdə 58 məntəqədə seçkinin nəticələri ləğv olunub. Sonda Akif Qurbanov istisna olmaqla, MSK-nın digər üzvləri yekun protokolu imzalayıblar.Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.A.MUSTAFAYEV