İmtahanların birləşdirilməsi: yaxşımı, pismi?!


Baxıldı : 189

Tarix : 2016-10-28 02:43:00


Xeyli müddətdir ki, orta məktəblərdən buraxılış imtahanlarının və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi istiqamətində müzakirələr aparılır. Aktual olan bu məsələ barəsində danışan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2 il ərzində bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi hansı nəticələri doğuracaq? Bu barədə təhsil ekspertlərinin fikirlərini sizə təqdim edirik. Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayev qəzetimizə açıqlamasında bu məsələnin artıq bir neçə ildir ki, müzakirə olunduğunu dedi. Onun sözlərinə görə, bunu reallaşdırmaq üçün zaman tələb olunur: \ Bunun modeli, maddi-texniki bazası işlənib hazırlanmalı, yüksək səviyyədə suallar tərtib olunmalıdır. Suallar hazırlanarkən ilk növbədə orta məktəb proqramı nəzərə alınmalıdır\ . Ə. Ağayev ümumilikdə pedaqoji ictimaiyyətin bu məsələni təqdir etdiyini söylədi. İmtahanların birləşdirilməsini müsbət hal kimi dəyərləndirdi. Təqribən bir ay ərzində gənclərimizin həm buraxılış, həm də qəbul imtahanı vermələri onların psixoloji və fizioloji durumuna mənfi təsir göstərir. Uşaqlar stress keçirərək çox zaman özlərinə gələ bilmirlər. Ona görə elə bir vahid forma tapılmalıdır ki, həm imtahanlar birləşdirilsin, həm də buraxılış imtahanlarında alınacaq qiymətlər ali məktəblərə daxil olarkən rol oynasın. Yaradılacaq yeni formada attestatın qiymətləri nəzərə alınmalıdır\ , - deyə Əjdər Ağayev bildirdi. \ XXI əsr\ Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bu modelin artıq bir çox ölkələrdə həyata keçirildiyini və yaxşı nəticələr verdiyini dedi: \ Postsovet məkanına daxil olan ölkələrdə, o cümlədən Qazaxıstanda da bu model uğurla tətbiq olunur, yaxşı da nəticələr verir. Burada ən mühüm məqamlardan biri orta məktəblərdə biliyin dəqiq qiymətləndirilməsini həyata keçirməkdir\ . Əslində bu cür təcrübə bizə qonşu olan dövlətlərdə də mövcuddur. Şimal qonşumuz olan Rusiyada vahid imtahan modeli bir neçə ildir ki, uğurla tətbiq edilir. Rusiyada vahid imtahan zamanı məktəblilərin attestat imtahanları da mühüm rol oynayır. Bu modelin tətbiq edilməsində məqsəd məktəblilərin biliyini bir neçə imtahanla deyil, bir imtahanla yoxlamaq məqsədi daşıyır. Avropanın bir çox ölkələrində buraxılış imtahanları yoxdur. Buraxılış imtahanları attestat qiyməti ilə, orta balla götürülür.Ekspert bildirdi ki, məsələ ilə bağlı bir neçə ölkənin təcrübəsini nəzərdən keçirmək lazımdır: \ Hazırkı vəziyyət şagirdlərin fiziki, zehni cəhətdən yorğunluğuna gətirib çıxarır və bu səbəbdən vahid imtahan üzərində düşünməyə imkan verir. Ona görə də bunun üzərində çox geniş iş aparılmalıdır. İlk növbədə məktəblərdə təmayülləşmə prosesini sürətləndirmək lazımdır\ .Daha bir məsələyə aydınlıq gətirmək istərdik. Hazırda orta məktəb buraxılış imtahanını uğurla keçmiş bir məzun ali məktəbə qəbul imtahanının nəticələrindən hər hansı bir səbəbə görə narazı qalsa, qəbul olduğu ali məktəbi bəyənməsə, yaxud başqa səbəblə növbəti illərdə də imtahan verə bilər. Əgər bu iki imtahan birləşdirilsə, o zaman sual yaranır ki, ali məktəbə yenidən imtahan vermək istəyən və ya ikinci təhsil almaq istəyən şəxslər hansı imtahanı verməlidirlər?Ekspertlər qeyd etdi ki, bunun üçün Mərkəzi İmtahan Komissiyası tələb olunan qaydalar müəyyənləşdirməlidir. Ola bilər ki, ixtisas hansı fənləri tələb edirsə, həmin fənlərdən də imtahan veriləcək.Günel