Müasir Azərbaycan xalqımıza ən böyük töhfədir


Baxıldı : 302

Tarix : 2018-05-12 04:37:27


Mayın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AHİK sədri, millət vəkili Səttar Möhbalıyev ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixinin və bu dövr ərzində müstəqil dövlət kimi formalaşan ölkəmizin və xalqımızın taleyinin Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu qeyd etdi. Bildirdi ki, hər bir idarədə, təşkilatda, müəssisədə ulu öndərin yubileyi bayram kimi qeyd edilir:

 

Ə“Öz həyatı, fəaliyyəti və doğma xalqının xoşbəxtliyi naminə göstərdiyi xidmətlərinə görə tariximizdə dərin iz buraxmış şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi bütün illəri böyük quruculuq, hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi qeyd etmək olar. Müasir tariximizə nəzər salarkən əminliklə söyləyə bilərik ki, ölkənin və xalqın ən çətin anlarında ulu öndərə ehtiyac duyulub. Üzərinə düşən böyük tarixi missiyanı uğurla yerinə yetirən Heydər Əliyev hər zaman ona bəslənilən ümidləri layiqincə doğruldub. Onun dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsində, demokratik, hüquqi dövlətin quruculuğu istiqamətindəki fəaliyyəti, ölkənin davamlı inkişafındakı rolu əvəzsizdir. Heydər Əliyevin 1969-cu il iyulun 14-də hakimiyyətə gəldiyi gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarda əbədi qalıb. Həmin dövrdən başlayaraq Azərbaycanda möhkəm nizam-intizam, qayda-qanun yaradıldı. Bütün sahələrdə inkişaf başladı. Azərbaycan geridə qalmış aqrar bir respublikadan sovetlər ittifaqının sənaye  cəhətdən inkişaf etmiş bir respublikasına çevrildi. Bakının özündə ciddi dəyişikliklər baş verirdi. Yeni mikrorayonlar salındı. Yasamalda tikilən yaşayış binaları, metropolitenin inşa edilən, istifadəyə verilən stansiyaları, ümumiyyətlə, bütün ölkədə gedən yeniləşmə hərtərəfli inkişafdan xəbər verirdi. Bunun nəticəsində dahi insanın rəhbərliyinin ilk dövründə Azərbaycan 12 dəfə qırmızı bayrağa layiq görülüb. Ağır maşınqayırma, kimya, toxuculuq sənayesi sahələri sürətli inkişafa başladı. Bakı Kondisionerlər Zavodu tikildi. O dövrlər bu zavodun Özbəkistanda tikilməsi planlaşdırılırdı. Lakin Heydər Əliyevin siyasi çəkisi imkan yaratdı ki, zavodu Bakıda tiksinlər. Dərin qazma özüllər zavodunun, daha bir istehsal nəhənginin respublikamızda tikilməsinə icazə alındı. Bu, çox çətin bir məsələ idi. Analoqu olmayan, o dövrlər üçün böyük bir məbləğə-100 milyon dollara başa gələn müəssisənin əhəmiyyətini xalqımız müstəqillik qazanandan sonra bildi. Heydər Əliyevin uzaqgörənliyi buna imkan verdi. O, sanki əvvəlcədən bilirdi ki, sovetlər birliyi dağılacaq və neft sənayesinin gələcək inkişafı bu böyük layihəyə bağlanacaq, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması böyük neft kontraktlarının ən mühüm şərtlərindən biri idi. Dünyanın böyük neft şirkətlərinin ölkəmizə cəlb edilməsi, milyardlarla investisiyanın qoyulması Heydər Əliyevin xalqımız üçün gördüyü böyük bir iqtisadi qələbənin əsası idi. Müqavilənin çox böyük və güclü əleyhdarları var idi. Heydər Əliyevin böyük siyasətçi kimi tanınması müqavilənin imzalanmasına mane ola bilmədi”.

Ulu öndərimizin təhsilə, elmə, mədəniyyətə həmişə çox böyük qayğı ilə yanaşdığını da diqqətə çatdıran S.Möhbalıyev daha sonra dedi: “Hər il 1000 nəfərə qədər gənci Rusiya məktəblərinə göndərərdi. Bu, uzaqgörən bir siyasət idi. Sonradan müstəqilliyimizin möhkəmlənməsində həmin gənclərin də böyük əməyi oldu. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılışı isə Heydər Əliyevin ən böyük arzusu idi. Strateji hərbi sahələrdə zabitlərimiz az idi. Həmin illərdə təhsil alanlar indi hərbi sahədə böyük işlər görürlər. Hərbi nazirimiz də bu məktəbin yetirməsidir. Dahi şəxsiyyət mədəniyyət sahəsində də əvəzsiz xidmətlər göstərdi. Nə qədər yazıçılarımız, şairlərimiz, sənətçilərimiz ən yüksək fəxri mükafatlara, adlara layiq görüldülər.

1982-ci ildə Heydər Əliyev Siyasi Büronun üzvü oldu. Bu nə əbədi düşmənlərimiz olan erməniləri, nə də özümüzdə olan bədxahları qane etmirdi. Çoxlu anonim məktublar yazıldı, Moskvaya göndərildi. Lakin xalqımızın 95 faizi ulu öndərimizlə idi. Xalqla bir yerdə olan insana heç kimin gücü çatmaz. 20 Yanvar hadisələrində də SSRİ rəhbəri Qorbaçova elə Moskvada öz etirazını bildirdi və kommunist partiyası sıralarını tərk etdi. Bunu yalnız cəsarətli insan edə bilərdi. O, çox böyük və cəsur insan idi.

Ulu öndərimiz həmkarlar ittifaqlarına da yüksək qiymət verirdi. Yəqin çoxlarınızın yadındadır ki, ölkədə bu təşkilatı ləğv etmək istəyənlər var idi. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyev bütün bu planların üstündən birdəfəlik xətt çəkdi. Təşkilatımız əvvəlkindən də güclü mövqe qazandı. İndiki fəaliyyətimizlə biz ulu öndərimizə borcluyuq. Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri də ölkəmizin Prezidenti, cənab İlham Əliyev kimi bir siyasətçini yetişdirməsi olub. Onun rəhbərliyi altında Azərbaycan çox sürətlə inkişaf edir. Güclü ordumuz var. Aprel döyüşləri də bunu göstərdi. Böyük sənaye sahələri yaradılıb. İndi də həmkarlar ittifaqları təşkilatına qayğı böyükdür. Bütün qaldırdığımız məsələlər Prezident tərəfindən həmişə diqqətlə qarşılanıb və öz həllini tapıb. Biz də ölkə başçısını hər bir seçkidə dəstəkləmişik və dəstəkləyəcəyik”.

“Bu gün müasir Azərbaycan cənab Prezidentin rəhbərliyi altında özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları ümummilli liderimiz tərəfindən qoyulub desək yanılmarıq. Dövləti xalqa, xalqı dövlətə bağlayan da qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə bu dövləti qoruyub saxlamaq, yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir”, - deyə S.Möhbalıyev fikrini tamamladı.

Sonra çıxış edən Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri Cahangir Əliyev, C.Naxçıvanski adına Hərbi Liseyin HİK sədri Sahib Əsədov, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti İşçilərinin HİK sədri Məzahir Bayramov, Milli Elmlər Akademiyası Azad Hİ-nin sədri Habil Qurbanov ulu öndərə ümumxalq məhəbbətindən danışdılar.

Əhəd İBADOV