Müalicə almaq üçün xəstəxanaya getməliyəm, uşağa qulluq etməklə bağlı qismən ödənişli sosial məzuniyyətdəyəm


Baxıldı : 138

Tarix : 2020-03-14 17:22:17


Müalicə almaq üçün xəstəxanaya getməliyəm, uşağa qulluq etməklə bağlı qismən ödənişli sosial məzuniyyətdəyəm. Bilmək istəyirəm, bu halda bacım uşağa qulluq edərsə, ona müavinət ödəniləcəkmi?

 

Şəfa QULİYEVA, Bakı şəhəri.

 

- Nəzərinizə çatdırmaq istəyirik ki, Əmək Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 82-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, ananın stasionarda müalicə olunması ilə əlaqədar uşağa qulluq edə bilməməsi hallarında da uşağa qulluq edilməsinə görə məzuniyyət ana üçün nəzərdə tutulan qaydada rəsmiləşdirilir. Bu zaman müavinət uşağın anasına verilməyən müddət üçün faktiki ona qulluq edənə ödənilir. Ona görə bacınızın adına qismən ödənişli sosial məzuniyyət rəsmiləşdirildikdən sonra uşağa qulluq etdiyi müddət üçün ona müavinət ödənilməlidir.

 

Yaşa görə işdən azad edilmək üçün rəsmi məhdudiyyət varmı? Əgər varsa, işçinin razılığı olmadan azad oluna bilərmi?

Ümumiyyətlə, bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

 

Çingiz MAMEDOV,  Zaqatala rayonu.

 

- Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı ilə yol verilir.

Lakin əmək müqaviləsinin ləğv edilməsi zamanı işçinin razılığı tələb olunmur.

Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması (65 yaş) onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

Əgər qeyd olunan müəssisələrdə çalışan işçilərlə 65 yaşdan sonra 1 illik müddətə əmək müqaviləsi bağlanmışsa, bu zaman da müqavilənin xitamında işçinin razılığı tələb olunmur. Çünki bu müqavilə müddətli olduğu üçün onun xitamı Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən aparılır.

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına görə, müddət qurtardıqda ona xitam verilir.