"Müasir elm - gənclərin baxışı ilə"


Baxıldı : 51

Tarix : 2017-11-24 23:31:26


Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, hazırda Azərbaycan elmində ciddi islahatlar aparılır. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunması, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və digər məqamlar xüsusi aktuallıq kəsb edir.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Akademiyanın gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Akademik gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətlərinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində mühüm addımlar atıldığını, dekabrın 15-də ölkəmizdə ilk dəfə "Azərbaycan gənc alimlərinin I qurultayı"nın keçiriləcəyini diqqətə çatdırıb.

Konfransda AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov çıxış edib. O, AHİ-nin GAMŞ-a hər zaman maddi və mənəvi dəstək göstərdiyini, bundan sonra da köməkliyini əsirgəməyəcəyini vurğulayıb.

Tədbirdə digər çıxışlar da dinlənilib.

Çıxışlar bitdikdən sonra konfrans işini panel iclaslarda davam etdirib. İclaslarda "Elmi məktəblər və fundamental elmi axtarışlar", "Yüksək Texnologiyalar Parkı - innovativ ideyaların real məkanı", "Elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli" və "Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri" mövzuları ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.