Mübarizçilər yarışıblar


Baxıldı : 91

Tarix : 2017-05-13 02:24:27


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən mədəni hamiliyə götürülmüş C.Naxçıvanski adına Hərbi Liseydə müxtəlif mədəni-kütləvi tədbirlərlə yanaşı, hərbi idman yarışları da keçirilir.  Gənc kursantlarda vətənpərvərlik ruhunu yüksəltmək, onlarda qüvvə, cəldlik, çeviklik və dözümlülük kimi fiziki keyfiyyətləri inkişaf etdirmək, eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə mayın 2-də bölüklərarası hərbiləşdirilmiş idman yarışları keçirilib. Üç gün davam edən yarışlarda 306 idmançıdan ibarət 9 bölük 5 idman növü üzrə mübarizə aparıb. Komanda və şəxsi xarakterli yarışlar beynəlxalq yarış qaydalarına uyğun  olaraq dairəvi sistem üzrə keçirilib.

***

100 metr məsafəyə qaçışda 7-ci bölüyün kursantları Kamil Şükürov birinci, Xəzər Nəsibli üçüncü,  8-ci bölüyün kursantı Əvəz Seyfullayev isə ikinci olublar.

Qumbaraatma üzrə yarışlarda 9-cu bölüyün kursantı  Əfşər Şəfiyev fərqlənib. Sonrakı yerləri 8-ci bölüyün kursantları Amil Malikli və Mərdan Verdiyev tutublar.

Turnikdə dartınmada 5-ci bölüyün kursantları Seymur Saraylı birinci yerə, Cavidan Rəhimli isə ikinci yerə sahib olub. 1-ci bölüyün kursantı Murad Mikayılov üçüncü sırada qərarlaşıb.

Güllə atıcılığı üzrə yarışda kursantlar Elxan Salahov ( 1-ci bölük), Bayram İsayev ( 4-cü bölük) və Sərxan Abbasov ( 2-ci bölük)  daha sərrast nişan alıblar.

Kəndirdartma yarışı komandalar arasında keçirilib və 8-ci bölük qalib adını qazanıb.

Qeyd edək ki, gənclər Mübariz İbrahimovun xatirəsini əziz tutaraq bütün yarışlarda səhra geyimi formasında çıxış ediblər.

Yarışların nəticəsinə görə, 9-cu bölüyün kursantları 56 xal toplayaraq birinci yeri tutub və Mübariz İbrahimov adına kubokun sahibi olub.

Yarışların təşkilində və keçirilməsində xüsusi fəallıq göstərmiş Vladimir Mazanov AHİK-in diplomu və 100 manat pul mükafatı ilə, fiziki hazırlıq fənn bölməsinin müdiri Fərhad Əliyev AHİK-in diplomu ilə təltif olunublar.

AHİK-in diplomları və qiymətli hədiyyələri 2016-2017-ci tədris ilinin yekunlarına həsr olunmuş təntənəli toplantıda qaliblərə təqdim ediləcək.

 

Xoşqədəm BAĞIROVA,

AHİK-in mütəxəssisi