Müddətli müqavilələr bağlanmamalıdır


Baxıldı : 83

Tarix : 2018-01-05 22:57:59


"AHİK-in illik hesabatlarının təhlili göstərir ki, hər il müəssisələrdə qeydə alınan pozuntuların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir"

(AHİK-in IV QURULTAYINA

HESABAT MƏRUZƏSİNDƏN)

 

Əmək normalarının pozulmasının bir çox amilləri var. Burada sferaya nüfuz edən çox böyük dəyişikliklər, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, innovasiyaların istehsalata tətbiqi, avtomatlaşdırma, əmək münasibətlərinin ənənəvi müdafiəçisi olan həmkarlar ittifaqlarının işinə ciddi təsir göstərir.

"Baku Stil Kompani" MMC tikinti sahəsində ən öndə gedən sahələrdəndir. Müəssisənin istehsalı olan müxtəlif dəmir məmulatları bu sektorda ən vacib məhsullardandır. MMC-nin Həmkarlar İttifaqı Birliyinin sədri Əliqulu Quliyev söhbət zamanı bu pozuntuların baş verə bilməsi hallarından danışarkən qeyd etdi ki, tikinti sahəsində olan durğunluq hər bir sahədə özünü göstərir. İstehsalat məhsullarına olan tələbatın azalması ilk növbədə işçi qüvvəsinə təsir edir. Yəni ixtisarlara yol açır. Ən çətin dövrlərdə belə MMC-də həmkarlar ittifaqı ixtisarlara, demək olar ki, imkan vermədi.

Düzdür, müəssisədə işçilərin ixtisarı olmuşdu. Lakin 178 nəfəri yenidən iş yerinə qaytarmağa müvəffəq olduq. Cəmi 20 nəfəri öz razılığı ilə başqa sahələrə yerləşdirdik. İşçilərin əmək hüquqlarının davamlı surətdə təmin edilməsi üçün müddətli müqavilələrin bağlanmasına yol vermirik.

O daha sonra bildirdi ki, zavodumuz ağır iş yeri sahəsi hesab olunur. Əmək qaydalarına ciddi riayət olunmalıdır. Hər bir işçi xüsusi geyimlə təchiz olunur. Yeni işə qəbul olunanlar ilk növbədə xüsusi təlimatlarla tanış edilirlər. Digər vacib məsələ işçilərin sağlamlığıdır. Bu sahədə də müəyyən işlər görülür. Hər il xeyli metalçı müxtəlif sanatoriya və istirahət mərkəzlərinə istirahətə göndərilir və mütəmadi tibbi yoxlanışdan keçirilir. Əgər işçinin tələblərini yerinə yetirməsən, onun iqtisadi vəziyyəti də yaxşı olmaz. Çalışırıq ki, gücümüz çatan qədər əmək normalarının pozulmasına yol verməyək.

Əhəd İBADOV