“Müəllimlər müəllimlərinin” çalışdığı müqəddəs ocaq


Baxıldı : 28

Tarix : 2019-10-04 18:03:15


Ulu öndərimiz Heydər Əliyev həmişə müəllimlərə diqqət və qayğı göstərmişdir. Onun siyasi kursunun uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verir. Dövlət başçımız demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.

Həyatımızın ən vacib, aktual və həssas məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən birini məhz təhsilə xüsusi diqqət və qayğı təşkil edir.

Bakıda 1437, Ağcabədi filialında 125, Şəki filialında 172, Quba filialında 95, Şamaxı filialında 76, Cəlilabad filialında 70 əməkdaş olmaqla, ümumilikdə 1975 nəfərlik kollektivi özündə birləşdirən  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi  hər il olduğu kimi, bu il də 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününü böyük akt zalında təntənə ilə qeyd etmişdir. Tədbirə Təhsil Nazirliyinin məsul şəxsləri, Səbail Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ölkəmizin böyük və qabaqcıl universitetlərinin rektorları, prorektorları, təhsil ictimaiyyətinin nümayəndələri, təhsil ekspertləri, media strukturlarının rəhbərləri və əməkdaşları dəvət olunub. Tədbir iştirakçıları əvvəlcə ADPU-nun müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Respublikamızın qabaqcıl müəllimlərinin I kurs tələbələri ilə görüşü  təşkil edilmişdir. 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 30 sentyabrdan 5 oktyabr tarixinədək “Müəllimlər həftəsi” elan olunub.  Bu layihə çərçivəsində hər fakültədə fakültənin tanınmış müəllimləri, professorları, elm xadimləri haqqında məqalələr dərc edilərək ictimaiyyət üçün ayrılmış guşədə asılıb. Eyni zamanda fakültələrin THİK instagram və facebook sosial şəbəkələrində hər gün  bu haqda ətraflı məlumat yerləşdirilir, həmin müəllim və professorların şəkilləri, onlar haqda məlumatla birgə, səhifələrdə də yayımlanır. Bu yolla tələbələr və bütün izləyicilərimiz müəllimlər yetişdirən təhsil ocağının ziyalılarını - “Müəllimlər müəllimi” adını almış ziyalı şəxsiyyətlərimizi daha yaxından tanımağa müvəffəq olurlar. 

Universitetimizin bütün filiallarında  da bu bayram təntənəli surətdə qeyd olunub. “Müəllim günü” münasibətilə universitet rəhbərliyi 1437 əməkdaşın hər birinə 100 manat məbləgində pul mükafatı ayırıb. Oktyabr ayından inzibati işçilərin əməkhaqqına 10%, professor-müəllim heyətindən isə reytinq üzrə qalib gələnlərin əməkhaqqına 100 manat əlavə olunacaq.

ADPU-nun Həmkarlar İttifaqı  Komitəsi də müəllimlərə daim diqqətlə yanaşıb və öz qayğısını əsirgəməyib.

Komitəmiz adından respublikamızın bütün müəllimlərini peşə bayramları münasibətilə təbrik edirəm.

 

Vaqif ƏLİYEV,

ADPU-nun HİK sədri