Müəllimlər müsabiqəni gözləyir Onlayn iclasda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı müzakirələr aparıldı


Baxıldı : 243

Tarix : 2020-06-12 06:04:24


Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclasında bu il keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı müzakirələr aparılıb. Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov cari ilin iyul-avqust aylarında keçirilməsi planlaşdırılan müəllimlərin işə qəbulu imtahanları ilə bağlı müzakirələrin təşkil edilməsinin vacibliyini, bununla bağlı maraqlı tərəfləri narahat edən sualların, müxtəlif fikir, rəy və təkliflərin olduğunu iştirakçıların diqqətinə çatdırdı.

Sonra Təhsil nazirinin müşaviri Elnur Məmmədov və nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov çıxış etdilər. Çıxışlarda bildirildi ki, müəllimlərin işə qəbulu müsabiqəsinin mərkəzləşdirilmiş şəkildə keçirilməsi vakant yerlərin sağlam rəqabət əsasında və  peşəkar kadrlar tərəfindən tutulmasını təmin edir, müsabiqə zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər isə ucqar bölgələrdə kadr çatışmazlığı probleminin həllinə ciddi töhfə verir. Son illər müəllimlərin işə qəbulu qaydalarında obyektivlik baxımından əhəmiyyətli dəyişikliklər edilmişdir. Belə ki, müddətli müqavilə ilə işə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməsi, elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərin ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunması, tutduqları vakansiyadan imtina edən namizədlərin müsabiqənin növbəti turlarına buraxılmaması (namizədlərin vakant yerlərin seçimində daha məsuliyyətli olması baxımından), müsabiqənin test imtahanı mərhələsində məntiqə aid sualların çıxarılması dəyişikliklərin əsas tərkib hissəsidir.

Qeyd olundu ki, ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, cari ildə müsabiqə iştirakçılarının sağlamlığının qorunması məqsədilə müsabiqənin, zəruri tədbirlər görülməklə (temperaturun yoxlanılması, vətəndaşlar arasında sosial məsafənin qorunması, seanslararası dezinfeksiya işlərinin aparılması və s) daha geniş məkanda və ya yerlərdə keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bir sıra rayonlarda, xüsusən bəzi dağ kəndlərində müəllim çatışmazlığı ilə bağlı problemlərin hələ də qaldığını bildirdi. Dedi ki, əsasən xarici dillər, o cümlədən kimya, biologiya və digər fənlərdən ixtisaslı müəllim çatışmır. Bu fənlərə müəllim təyinatı aparılsa da, sonradan yerdəyişmələr nəticəsində həmin ixtisaslar təkrar boş qalmışdır. Mirzə müəllim həmçinin bəzi məktəblərdə internetin olmaması, qış aylarında sinif otaqlarının lazımınca qızdırılmaması, bəzi məktəb binalarının əsaslı təmirə ehtiyacı olduğunu və sair məsələləri də diqqətə çatdırdı.

İclasda həmçinin Şuranın sədri, professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, Şura üzvlərindən Milli Məclisin deputatı Etibar Əliyev, əməkdar müəllim Asif Cahangirov, fəlsəfə doktoru Ülviyyə Mikayılova və professor Mayis Əliyev çıxış edərək mövzu ilə bağlı münasibətlərini bildiriblər.