Müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində Fərdi Əmək Mübahisələri üzrə Komissiya haqqında ƏSASNAMƏ


Baxıldı : 154

Tarix : 2017-07-28 20:33:28


Bu Əsasnamə işəgötürənlə işçi arasında əmək münasibətləri zamanı əmələ gəlmiş fikir ayrılığı və mübahisələrin həll edilməsi ilə bağlı yaradılan Fərdi Əmək Mübahisələri üzrə Komissiyanın (FƏMK) formalaşmasını, iş qaydalarını və səlahiyyətlərini tənzimləyir.

1. Əsas anlayışlar

1.1. Fərdi Əmək Mübahisələri üzrə Komissiya - kollektiv müqavilələrdə nəzərdə tutulan halda müəssisədə (onun strukturlarında) işçi ilə işəgötürən arasında əmələ gələn fərdi əmək mübahisələrinə baxan orqandır.

1.2. Fərdi əmək mübahisələri - işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, həmçinin əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların tətbiqi zamanı yaranan, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

2. Fərdi Əmək Mübahisələri üzrə Komissiyanın tərkibinin təşkili qaydası

2.1. Komissiyanın seçilməsi qaydası, üzvlərinin sayı, səlahiyyət müddəti bu Əsasnamə ilə müəyyən edilir.

2.2. Fərdi Əmək Mübahisələri üzrə Komissiya öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası Əmək Məcəlləsini, digər normativ-hüquqi aktları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, sahə həmkarlar ittifaqı respublika komitələrinin qərar və tövsiyələrini, nizamnamələrini, kollektiv sazişləri, müəssisənin kollektiv müqaviləsini və bu Əsasnaməni rəhbər tutur.

2.3. Fərdi əmək mübahisələrinə ödənişsiz əsaslarla baxılır.

2.4. Fərdi əmək mübahisəsində bir tərəf ərizə ilə müraciət edən şəxs, yaxud onun səlahiyyətli nümayəndəsi, digər tərəf isə işəgötürən, yaxud onun səlahiyyətli nümayəndəsidir.

2.5. FƏMK həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərən və azı 30 nəfər üzvü olan müəssisədə yaradılır.

2.6. FƏMK-nın tərkibi bərabər əsaslarla həmkarlar ittifaqıının yığıncağı və müəssisə rəhbərliyi tərəfindən hər tərəfdən azı 3 nəfər olmaqla təşkil edilir. Bir-birinə qohum olan şəxslər komissiyanın tərkibində ola bilməz.

2.7. Həmkarlar ittifaqının ümumi yığıncağında (konfransda) iştirak edənlərin yarısından çoxunun səsini toplamış namizədlər həmkarlar ittifaqı tərəfindən komissiyaya seçilmiş sayılırlar.

2.8. İşəgötürən tərəfindən təklif olunan FƏMK üzvləri direktorun əmri ilə rəsmiləşdirilir.

2.9. FƏMK  öz tərkibindən Komissiyanın sədrini və komissiyanın katibini seçir.

2.10. FƏMK üzvü hər hansı səbəbdən komissiyanın tərkibindən çıxdıqda komissiyanın seçilmə qaydasına uyğun olaraq onun yerinə başqası seçilir, yaxud təyin edilir.

2.11. Komissiyanın səlahiyyət müddəti - müəssisənin kollektiv müqaviləsinin qüvvədə olduğu müddətdir.

2.12. Fərdi Əmək Mübahisələri üzrə Komissiyanın fəaliyyəti üçün müəssisənin işəgötürəni lazımi şərait yaratmalıdır (otaq, avadanlıq və s.).

2.13. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətlərə verilən cavablar işçini qane etməzsə, işçi FƏMK-ya müraciət edə bilər.

3. Fərdi Əmək Mübahisələri üzrə Komissiyaya müraciət

hüququ olan şəxslər və fərdi əmək mübahisələrinin predmeti

3.1. Fərdi Əmək Mübahisələri üzrə Komissiyaya vətəndaşlığından və əmək müqaviləsinin müddətindən asılı olmayaraq müəssisənin ştatında olub işəgötürənlə əmək müqaviləsi bağlamış, qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində qeydiyyata alınmış işçilər müraciət edə bilərlər.

3.2. Bunlardan başqa, aşağıdakı şəxslərin də müraciət hüquqları var:

3.2.1. Əmək müqaviləsinə xitam verilmiş şəxslər (Əsasnamə ilə müəyyən edilmiş müddətdə).

3.2.2.  Ali təhsil və ya orta ixtisas məktəblərində oxuyan və müəssisədə əmək müqaviləsi bağlanmaqla təcrübə keçən şəxslər.

3.2.3. Müəssisəyə digər təşkilatdan dəvət edilmiş şəxslər.

3.3. FƏMK-ya müraciət müddəti 3 təqvim ayıdır. Müddət işçinin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

FƏMK müddətin keçməsini üzrlü hesab edə və buraxılmış müddəti bərpa edərək ərizəyə mahiyyəti üzrə baxa bilər.

İşçinin xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi üzrlü səbəb sayılır.

Qeyd: Əmək Məcəlləsinə əsasən, işçinin "yaxın qohumu" dedikdə işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaş-bacıları başa düşülür.

İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

3.4. Üç aylıq müddətin keçməsi səbəbindən işçinin ərizəsinin qəbul edilməsindən imtina edilməsi yolverilməzdir.

Ərizə qəbul edilməli və "Ərizələrin qeydiyyatı" jurnalında qeydiyyatı aparılmalıdır. Müddətin keçməsi məsələsi ərizəyə mahiyyəti üzrə baxılanda həll edilməlidir.

3.5. Müddətin hesablanması sonuncu ayın (üçüncü) müvafiq günündə başa çatır. Əgər müddətin son günü qeyri-iş gününə təsadüf edərsə, onda növbəti iş günü müddət başa çatmış hesab olunur.

3.6. Müəssisənin Fərdi Əmək Mübahisələri üzrə Komissiyasında aşağıdakı mübahisələrə baxılır:

a) əmək müqavilələrinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi;

b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi;

c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi;

ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

d) əməkhaqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;

e) əməkhaqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması;

ə) məzuniyyət hüququnun həyata keçirilməsi;

f) intizam tənbehi verilməsi;

g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi;

ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;

h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;

x) işçilərin və ya iş yerlərinin attestasiya komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi;

ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması;

i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi;

j) əmək müqaviləsinin, habelə kollektiv müqavilələrin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.

4. Mübahisəyə baxılması qaydası

4.1. FƏMK fərdi əmək mübahisəsinə ərizənin daxil olduğu müddətdən 10 iş günü ərzində baxmalıdır.

4.2. Fərdi əmək mübahisələrinə bir qayda olaraq işçinin iş vaxtından kənar vaxtlarda baxılmalıdır.

4.3. Əmək mübahisəsinə işçinin iş vaxtında baxılarsa, onun həm əsas, həm də əlavə iş yerində əməkhaqqı saxlanılır.

4.4. Mübahisəyə baxılacaq gün haqqında FƏMK işçini və işəgötürəni (onların nümayəndəsini) rəsmi xəbərdar edir.

4.5. FƏMK-nın iclası üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

4.6. Mübahisəyə işçinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə baxılır. İşçinin iştirakı olmadan mübahisəyə yalnız onun yazılı razılığı olduqda baxılır.

4.7. İşçi FƏMK iclasına gəlmədikdə komissiyanın iclası təxirə salınır. İşçi ikinci dəfə üzrsüz səbəbdən iclasa gəlmədikdə Komissiya ərizəni baxılmamış saxlaya bilər, lakin bu, işçinin təkrar ərizə vermək hüququnun itirilməsinə səbəb olmur. Ərizənin baxılmadan saxlanılması barədə qərar qəbul olunur və qərar tərəflərə rəsmi təqdim edilir.

4.8. FƏMK öz iclasına şahidlər, mütəxəssislər və həmkarlar ittifaqının nümayəndələrini dəvət edə bilər.

4.9. FƏMK-nın sorğusu əsasında işəgötürən və işçi ona zəruri sənədləri təqdim etməyə borcludur.

4.10. FƏMK-nın iclasını Komissiyanın sədri açır və aparır. İclasda iştirak edənlərin şəxsiyyəti müəyyənləşdirilir, nümayəndələrin etibarnamələri yoxlanılır.

Komissiya üzvləri barədə məlumat verilir, tərəflərə iclasın əvvəlində Komissiyanın sədrinə və üzvlərinə etiraz etmək hüquqlarının olması izah edilir və belə bir etirazın olub-olmaması barədə soruşulur.

Etiraz yazılı formada və əsaslandırılmış olmalıdır. Etirazın təmin olunub-olunmaması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Barəsində etiraz edilmiş şəxs səsvermədə iştirak etmir.  Etiraz əsaslı hesab edilərsə, barəsində etiraz verilmiş şəxs həmin mübahisənin həllində iştirak etməyə buraxılmır. Mübahisəyə onun iştirakı olmadan baxılır.

Etiraz üçün səbəblər:

1. Etiraz edilən şəxs müəyyən edilmiş qaydada FƏMK-ya üzv seçilməmişdirsə.

2. Onun işçi, yaxud işəgötürənlə yaxın qohumluq əlaqəsi varsa.

3. O, şəxsən, yaxud dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.

Qeyd: "yaxın qohumluq" anlayışı bu Əsasnamənin 3.3. bəndinin qeyd hissəsində açıqlanmışdır.

4.11. Fərdi əmək mübahisəsinin öyrənməsi tapşırılmış Komissiya üzvü mübahisənin mahiyyəti barədə qısa məruzə edir. Sonra ardıcıllıqla ərizəçi, nümayəndəsi varsa nümayəndəsi çıxış edir. Onlardan sonra işəgötürən və ya nümayəndəsinə söz verilir. Çıxış edənlərdən hər biri məruzəsini qurtardıqdan sonra ona suallar verilə bilər.

4.12. FƏMK-nın iclasının gedişatı barədə protokol tərtib olunur və orada iclasın başlama tarixi, ərizəçinin iştirakı, iştirak edən komissiya üzvləri, işəgötürənin nümayəndəsi, şahidlər, ekspertlər və digər iştirakçıların adları ilə soyadları qeyd olunur.

Ərizənin, çıxışların qısa məzmunu, səsvermənin nəticəsi, hüquqi əsaslandırma və qərarın məzmunu da protokolda öz əksini tapmalıdır.

4.13. FƏMK-nın qərarı 3 hissədən ibarət olmalıdır: giriş, təsviri-əsaslandırıcı və nəticə.

Qərarın giriş hissəsində mübahisəyə baxıldığı yer, tarix, ərizəçinin adı, soyadı, ərizənin baxılmasında iştirak edən şəxslər, ərizənin adı (məs: işə bərpa barədə).

Qərarın təsviri-əsaslandırıcı hissəsində ərizənin mahiyyəti, tərəflərin izahatları, şahid ifadələri, mütəxəssis rəyi, istinad olunan hüquq norması və s.

Nəticə hissəsində ərizənin təmin edilməsi, yaxud  edilməməsi barədə FƏMK-nın qəbul etdiyi qərar öz əksini tapmalıdır.

4.14. FƏMK-nın qərarları iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olarsa, qərar işçinin xeyrinə qəbul edilmiş hesab edilir.   FƏMK-nın protokolu və qərarı sədr və iclasa bilavasitə katiblik edən şəxs tərəfindən imzalanır və müəssisə həmkarlar ittifaqının  möhürü ilə təsdiq edilir.

4.15. FƏMK qərarı ilə razılaşmayan komissiya üzvü "xüsusi rəylə" qeyd etməklə protokolu imzalamalıdır. Xüsusi rəy protokola əlavə olunur.

4.16.  Qərarın surəti 3 gün ərzində işçiyə və işəgötürənə təqdim edilməli, qərarın surətinin onlara verilməsi barədə jurnalda qeyd olunmalı və tərəflər qeydi imzaları ilə təsdiq etməlidirlər.

4.17. FƏMK-nın qərarından narazı tərəf onun surətini aldığı gündən 10 gün ərzində həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edə bilər. Əgər məhkəməyə müraciət etməyibsə, qərar  10 gündən sonra qanuni qüvvəyə minir.

5. FƏMK qərarının icrası

5.1. FƏMK-nın qərarı qanuni qüvvəyə mindikdən sonra 5 iş günü müddətində işəgötürən tərəfindən icra olunmalıdır.