Müəssisədə 3-cü və 4-cü dərəcə ilə çalışan təsərrüfat heyətinin işçilərinə 1


Baxıldı : 58

Tarix : 2020-02-21 18:34:43


Müəssisədə 3-cü və 4-cü dərəcə ilə çalışan təsərrüfat heyətinin işçilərinə 1.0 ştat vahidindən əlavə, istehsalat zərurəti ilə əlaqədar olaraq daxili əvəzçilik üzrə beşgünlük iş həftəsində 0,5 və 0,25 ştatın verilməsinin qanunvericiliyə uyğun olaraq düzgün olub-olmaması haqqında bizi məlumatlandırmağınızı Sizdən xahiş edirik.

 

S.ZEYNALOVA, M.ƏMRAHOVA,

Bakı şəhəri.

 

- Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi Əmək Məcəlləsinin 58-ci maddəsi ilə müəyyən edilir.

Qanunvericiliyə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Əvəzçilik üzrə iş vaxtının müddəti Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından (gündəlik normal iş vaxtı 8 saat, həftəlik normal iş vaxtı 40 saatdır) çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

 

İşçi qanunla hər gün neçə saat işləməlidir və qısaldılmış iş vaxtı kimlərə şamil olunur?

 

Günel BAYRAMOVA,

Sumqayıt şəhəri.

 

- Sizin suallarınızla bağlı məsələlər öz əksini Əmək Məcəlləsinin 89-91-ci maddələrində tapmışdır. Belə ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Həmin Məcəllənin 90-cı maddəsinə uyğun olaraq Azərbaycanda, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilib. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti tərəfindən həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, müvafiq normativ-hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.