Müəssisələrdə Əmək və İcra  İntizamının hazırlanması və  təmin edilməsi qaydaları


Baxıldı : 5103

Tarix : 2020-07-27 04:03:07


Müəssisə və təşkilatlarda əmək müqaviləsi, kollektiv müqavilə ilə yanaşı, hər iki tərəfin öhdəliklərinin, əmək intizamının daha yaxşı təmin olunması məqsədilə daxili intizam qaydaları qəbul edilə bilər.
Müəssisənin intizam qaydaları Əmək Məcəlləsinə və digər hüquqi aktlara uyğun tərtib edilməlidir. Əmək Məcəlləsinə və hüquqi aktlara uyğun gəlməyən, zidd olan müəssisədaxili intizam qaydalarının müddəaları da, nəticələri də etibarsız hesab edilir.

İntizam qaydasında
1. Müəssisənin adı, ünvanı, iş fəaliyyəti.
2. İş vaxtının, nahar fasiləsinin, digər istirahət vaxtlarının başlandığı və qurtardığı vaxtlar
3. İşçilər arasında növbə cədvəli və onun tənzimlənməsinin qaydası
4. İşçilər üçün əmək şəraitinin təmin edilməsinin qaydası
5. İntizam qaydalarını və əmək vəzifələrini yüksək formada yerinə yetirən işçilərə və ya müəssisələrin əmək kollektivlərinə mükafatlandırılmanın forması, şərtləri və qaydaları
6. Əmək və intizamı pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları.

Bəzi idarə və təşkilatlarda işçilərin işinə olan məsuliyyətini daha çox artırmaq məqsədilə intizam qaydaları intizam Nizamnaməsi formasında hazırlanmalıdır. Məsələn, dəmir yolu, rabitə, dəniz və çay nəqliyyatı, hava nəqliyyatı, xüsusi təhlükəli yeraltı iş yerlərini, dağ-mədən sənayesi müəssisələrini, dənizdə neft və qaz ehtiyatları ilə məşğul olan müəssisələri, hərbi sənaye müəssisələrini buna misal göstərmək olar. Nizamnamədə Əmək Məcəlləsinin və qanunvericiliyin bir bölməsinin bir neçə müddəasından da istifadə etmək olar.
İşində peşəkarlıq göstərən, müəssisədaxili intizam qaydalarında digər işçilərdən fərqlənən əməkdaşlara işəgötürən tərəfindən pul, qiymətli əşyalar hədiyyə edilməklə, əlavə məzuniyyət verməklə, əməkhaqqına əlavənin edilməsi, daha yüksək məbləğdə fərdi sığorta olunması, sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə, müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsadət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.
İntizam nizamnamələri həmkarlar ittifaqı təşkilatının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən qəbul edilir.

Vəfa USUBOVA,
AMEA-nın Riyaziyyat 
və Mexanika İnstitutunun 
baş hüquqşünası