Mükafatlar təqdim edildi


Baxıldı : 280

Tarix : 2020-06-12 06:03:17


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsi (RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun, futzal yarışının qalibləri və “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçıları mükafatlandırılıblar. Xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, qaliblər fərdi şəkildə Respublika Komitəsinə dəvət olunub və onlara mükafatlar təqdim edilib.

Xatırladaq ki, TİAHİ Respublika Komitəsi tərəfindən ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnirin və futzal yarışlarının təşkil edilməsi ənənəvi hal alıb. Həmçinin “İlin peşəkar gənci” müsabiqəsi 2018-ci ildə AHİK-in İcraiyyə Komitəsinin qərarı əsasında təsis edilib. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd gənclərin asudə vaxtının daha səmərəli təşkili, onlarda elmə, təhsilə marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsidir.

Futzal yarışı AFFA hakimlərinin idarəçiliyi ilə Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib. Yarışın yekun nəticəsinə görə, Bakı Dövlət Universiteti birinci, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ikinci, Azərbaycan Texniki Universiteti üçüncü olub.

“Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsində birinci yeri ADİU, ikinci yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, üçüncü yeri isə Bakı Mühəndislik Universiteti tutub.

Hər iki tədbirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərindən iyirmi ali məktəbin tələbələri iştirak ediblər.

“İlin peşəkar gənci” müsabiqəsində ümumi orta, orta ixtisas və ali təhsil müəssisələrinin müəllimləri iştirak ediblər. 39 ən yaxşı nəticə göstərən peşəkar gənc RK-nın Fəxri Fərmanına və qiymətli hədiyyələrə layiq görülüb.

Qeyd edək ki, TİAHİ RK tərəfindən təşkil olunan intellektual oyun, futzal yarışı və müsabiqə 2019-cu ilin sonunda keçirilib.