Mükafatlar təqdim olundu


Baxıldı : 138

Tarix : 2018-01-19 19:47:17


Yanvarın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük iclas zalında ali məktəb tələbələri arasında futzal üzrə idman yarışının, “Nə? Harada? Nə zaman?” intellektual oyunun qaliblərinin, “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçılarının və 2017-ci ildə müxtəlif elm, mədəniyyət və idman üzrə beynəlxalq səviyyəli tədbirlərdə uğurlar qazanmış gənclərin bir qrupunun mükafatlandırma mərasimi oldu.

 

Mərasimi giriş sözü ilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açdı. O, dövlətimizin gənclərin layiqli vətəndaş kimi yetişməsi üçün həyata keçirdiyi tədbirlərdən danışdı. Dedi ki, dövlətimizin gənclər siyasəti ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Bu siyasət sonrakı illərdə dövrün dinamikasına uyğun şəkildə daha da təkmilləşdirilmiş, uğurla həyata keçirilmişdir. Uzun illərə hesablanmış dövlət proqramlarında, ölkə başçısının müxtəlif vaxtlarda imzaladığı sərəncamlarda gənclərin məşğulluğu, cəmiyyətin siyasi, iqtisadi, sosial, mədəni həyatına inteqrasiyası, intellektual səviyyəsinin müasir biliklər həddinə yüksəldilməsi, elmə marağının artırılması, istirahəti, əyləncəsi və sair əksini tapmışdır. Dövlətimizin, şəxsən onun başçısı cənab İlham Əliyevin diqqətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri nəinki respublika, qitə, hətta dünya miqyasında insan fəaliyyətinin müxtəlif sahələri üzrə qlobal nailiyyətlərə müəlliflik edirlər.

S.Möhbalıyev dedi ki, həmkarlar ittifaqları da dövlətimizin gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edir. İttifaqımızın sıralarında birləşən üzvlərin 35 faizə qədəri 29 yaşında olan oğlan və qızlardır. Əksəriyyəti də tələbələrdir. Tələbələrin gələcəyin savadlı kadrlar, ictimai işlərdə fəal vətəndaş kimi yetişməsi üçün çeşidli tədbirlərdən istifadə edirik. Bunlardan mən bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm. Uzun illərdir ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (TİAHİ RK) “Adlı təqaüd” təsis edib. Həmin təqaüd hər il qış və yay imtahan sessiyalarının nəticələrinə görə əlaçı və fəal ictimaiyyətçi olan tələbələrə verilir. Onlarla tələbə Respublika Komitəsinin təqaüdünü alıb. 10 nəfər aztəminatlı ailədən olan tələbənin təhsil haqqını tam və ya qismən Respublika Komitəsi ödəyib. 16 təhsil müəssisəsində aztəminatlı ailədən olan 230 tələbənin universitetlərin yeməkxanalarında pulsuz naharı təşkil olunub.

AHİK sədri üzv gənclərin idmana, bədən tərbiyəsinə, mədəni-kütləvi tədbirlərə cəlb olunması istiqamətində görülən işlərdən də danışdı.

İndi diqqətinizə çatdırdığım bu tədbirlərdən bir neçəsinin - tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının, futzal idman yarışlarının qaliblərinə, “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçılarına, 2017-ci ildə müxtəlif elm, mədəniyyət və idman üzrə beynəlxalq səviyyəli tədbirlərdə uğur qazanmış gənclərə mükafatlar təqdim edəcəyik.

Çıxış başa çatdıqdan sonra təqdimetmə mərasimi oldu. Mükafatçılara TİAHİ RK-nın diplomları, Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi.

Məlumat üçün deyək ki, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərindən iyirmi ali məktəb tələbələrinin qatıldığı futzal üzrə yarışlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin təmsilçiləri rəqiblərindən daha güclü olublar. Sonrakı mükafatalayiq yerlərə, müvafiq olaraq, Gəncə Dövlət Universitetinin və Bakı Mühəndislər Universitetinin komandaları sahiblik ediblər.

“Nə? Harada? Nə zaman?” intellektual oyununda isə birinciliyi Bakı Mühəndislər Universitetinin tələbələri qazanıblar. Azərbaycan Dövlət İqtisad Universitetinin yığması ikinci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası isə üçüncü yerləri tutublar.

 B.RZAYEV