Müəllim əməyinə verilən qiymət


Baxıldı : 85

Tarix : 2018-10-06 05:03:54


Oktyabrın 3-də “Çanaq-Qala” İstirahət Mərkəzində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” qeyd edilib.

Rayon Komitəsinin sədri Maisə Hacıyeva tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, elm və təhsildə uğurlar arzulayıb. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyev müəllim əməyini çox yüksək qiymətləndirirdi. Deyirdi ki, mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Bu ada böyük hörmətinin nəticəsidir ki, ikinci dəfə hakimiyyətə qayıdışından sonra, ölkənin iqtisadi cəhətdən zəifliyinə baxmayaraq, dövlət büdcəsindən təhsilin inkişafına kifayət qədər vəsait ayrılmasına qərar verdi. Bütün fəaliyyəti boyu təhsil işçilərinə qayğısını əsirgəmədi.

Biz bu qayğını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən də görürük. Məhz onun tapşırıq və təşəbbüsü sayəsində təhsilimizdə uğurlu islahatlar aparılır. Yeni məktəb binaları tikilmiş, köhnələri əsaslı təmir olunmuş, ən müasir tədris vəsaitləri ilə təmin edilmişdir. Bu işdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etməmək olmaz.

Tədbirdə müəllimlərin də ürək sözləri, uğurları barədə məlumatları dinlənildi. Sonda  qabaqcıl müəllimlərə Rayon Komitəsinin Fəxri fərmanları və gül dəstələri təqdim olundu.