Müəllimlər arasında şahmat yarışı


Baxıldı : 68

Tarix : 2019-04-12 17:52:29


Aprelin 9-10-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Şəki Rayon Komitəsi şəhər 10 nömrəli tam orta məktəbin akt zalında ümummilli lider Heydər Əliyevin doğum gününün 96-cı ildönümünə ehtiram əlaməti olaraq ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının rayon mərhələsini keçirib. Tədbirdə rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək TİAHİ Respublika Komitəsinin müvafiq qərarının icrası ilə əlaqədar bu yarışın keçirilməsinin əsas məqsədini açıqlayıb.

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib.

Tədbirin açılışı dövlət himninin səslənməsi ilə başlayıb. Sonra püşk atılıb və yarışa start verilib.

Beynəlxalq Şahmat Federasiyasının qaydalarına uygun keçirilən yarışda  50 nəfərdən ibarət şəhər və kənd məktəblərinin kişi və qadın müəllimləri iştirak edib.

Yarışın nəticəsinə görə 1-ci yeri Şəki rayonu Kiş kənd 2 №-li tam orta məktəbinin müəllimi Polad Eyvazov, 2-ci yeri şəhər 7 №-li tam orta məktəbinin müəllimi Asif Nağıyev, 3-cü yeri şəhər 1 №-li Peşə Məktəbinin müəllimi Etibar Süleymanov tutublar.  4-cü yerləri isə Kiş kənd 1 №-li tam orta məktəbinin müəllimi Anar Baxışov və Qozlubulaq kənd tam orta məktəbinin müəllimi Tariyel Həsənov bölüşdürüblər.

Yarışın qalibi P.Eyvazov Respublika turunda iştirak etmək hüququ qazanıb.

Qaliblər və fərqlənən iştirakçılar TİAHİ Şəki Rayon Komitəsi tərəfindən hədiyyə  və Fəxri Fərmanla mükafatlandırılıblar.

Əsli ƏHMƏDOVA