Müəllimlərin XIV Beynəlxalq Spartakiadası


Baxıldı : 175

Tarix : 2018-07-13 18:29:06


Bolqarıstanın Albeno şəhərində keçirilmiş müəllimlərin XIV Beynəlxalq Spartakiadası iyulun 7-də başa çatmışdır. Bolqarıstan Müəllimlər Birliyinin təşkil etdiyi bu spartakiadada Azərbaycandan 24 müəllim gücünü sınamışdır. Onlar daha çox stolüstü tennis və çimərlik voleybolu yarışlarında fərqlənmişlər. Kubok, Fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Ölkəmizin nümayəndə heyətinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə başçılıq etmişdir. Mirzə müəllim müxbirimizə demişdir ki, spartakiadada idmanın futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis, basketbol növləri üzrə qadınlardan, kişilərdən ibarət komandalar mübarizə aparmışlar.

Azərbaycan nümayəndə heyətinin tərkibinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsində və paytaxtın rayonlarında çalışan müəllimlər arasında təşkil olunan idman yarışlarının qalibləri daxil edilmişdi.

Spartakiadanın keçirilməsində məqsəd müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif ölkələrin müəllimləri arasında ünsiyyətin, əməkdaşlığın genişləndirilməsi və sağlam həyat tərzinin təbliği olmuşdur.

Azər MUSTAFAYEV