Münasib şərtlərlə razılıq əldə olundu


Baxıldı : 34

Tarix : 2017-09-08 17:36:18


İngiltərədə Atom Elektrik Stansiyasında (AES) çalışan 800-ə yaxın "Unite" həmkarlar ittifaqı üzvünün pensiyaların hesablanması ilə bağlı etiraz aksiyası barədə daha öncə məlumat vermişdik. Nəhayət, bir ildə təşkil edilən tətillər və aparılan danışıqlar bəhrəsini verib. Belə ki, AES rəhbərliyi ilə ittifaq arasında imzalanan 3 illik müqaviləyə əsasən, pensiya  balansına ayrılan pulun hər il 4 faiz artırılması nəzərdə tutulur. Bundan başqa, əlavə iş saatı və təhlükəli iş rejiminə görə də məvacib hesablanacaq.

"Unite"nin bölgə üzrə nümayəndəsi Bob Midlton məsələ ilə bağlı bildirib ki, üzvlərimiz uzunmüddətli mübarizələrinin bəhrəsini görüblər: "Şirkət rəhbərliyi davamlı aparılan tətillərin iş rejiminə və qazanca mənfi təsirlərini hesablayaraq tələblərimizi müsbət yöndə cavablandırdı. Mövcud vəziyyət nəzərə alındıqda ən münasib şərtlərlə razılıq əldə olundu. Müqaviləyə əsasən, təkcə yanğınsöndürənlərin pensiya paketi  31 min funt-sterlinqdən 48 min dollara yüksəldilib. Danışıqların müsbət nəticələnməsi iş rejimində davamlılığa və rəhbərliklə çalışanlar arasında xoş münasibətlərin bərpasına imkan yaratdı".

Qeyd edək ki, anlaşılmazlıq 90-cı illərin əvvəlində hökumət tərəfindən AES-də çalışanların pensiya sisteminin hesablanması zamanı alınan qərarın müəssisənin özəlləşdirilməsindən sonrakı vəziyyətlə uyğunsuzluğundan yaranıb. Qərara əsasən, burada işləyənlərin pensiyası minimum əməkhaqqı  miqdarında nəzərdə tutulub ki, bu da narazılıqlara səbəb olub.

 

Cavid SƏFƏROV