Müqavilə əlillərin əmək fəaliyyətinə imkanlar yaradacaq


Baxıldı : 50

Tarix : 2017-10-27 23:22:04


"Capgemini","Legrand" və "Savola Group" şirkətləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) Qlobal İş və Əlillər Şəbəkəsinə qatılıb. Şirkətlər şəbəkənin 12 tələbini yerinə yetirmək  haqqında öhdəlik götürüb.

Tərəflər arasında imza mərasimi BƏT-in Cenevrədəki qərargahında, şəbəkənin illik toplantısında baş tutub. Çıxış edən BƏT-in baş katibi Qay Rayder bildirib ki, əlil insanlar dünya əhalisinin 15 faizini təşkil edir: "Bu insanlar cəmiyyətdə bərabər hüquqlar uğrunda mübarizə apararkən onlarla birgə hərəkət etmək və imkanları genişləndirmək bizim üçün məmnunedici haldır".

Şəbəkənin illik  toplantısında son iki ildə iş yerində əlil insanlar üçün bərabər fürsətlərin yaradılması yönündə görülən işlər, əlillərin əmək fəaliyyətinə müsbət baxış formalaşdıran reklam çarxları müzakirə edilib. Bundan başqa, əlil insanların şirkətin gələcəyi yönündə ixtisaslaşma kurslarına cəlbi ilə bağlı fikirlər irəli sürülüb. Bildirilib ki, gənclərin könüllü işə cəlb olunması onların yetişdirilməsi və cəmiyyətə qazandırılması şirkətlərin əsas məqsədi olmalıdır.

Toplantıda çıxış edən "Capgemini"nin direktoru Paul Hermel deyib ki əlilliyi olan insanların bizim işimizə xüsusi perspektiv gətirəcəyinə inanırıq. BƏT ilə bu yöndə müqavilə imzalayaraq bu şəxslərin iş həyatında özlərinə yer tapmalarına şərait yaradacağıq.

"Legrand"ın  icraçı direktoru Gilles Şnepp  müqavilənin uğurlu olacağını və cəmiyyətdə formalaşan stereotiplərlə mübarizədə rolunu diqqətə çatdırıb.

"Savola Group"un kooperativ əlaqələr üzrə katibi Tarik İsmail bildirib ki, əlil olan şəxslərin BƏT ilə tərəfdaşlıqdan sonra əmək fəaliyyəti müntəzəm şəkildə dəstəklənəcək və onların digər insanlarla fərqliliyinin aradan qaldırılması yönündə işlər aparılacaq.

Qeyd edək ki, 2010-cu ildə yaradılan BƏT-in Qlobal İş və Əlillər Şəbəkəsi əlilliyi olan insanların əməyə cəlb edilməsi üçün işəgötürən təşkilatlarla  danışıqlar aparır.