Müqavilənin şərtlərinə  sadiq qalmağa çağırılıb


Baxıldı : 64

Tarix : 2019-09-06 19:03:05


 “General Motors” şirkətinin Braziliyanın San Jose Campos bölgəsində yerləşən müəssisəsində 17 çalışanın işdən çıxarılması etirazlara səbəb olub.

Bu ilin fevral ayında ölkənin həmkarlar təşkilatı ilə müqavilə imzalayan “General Motors” şirkəti  çalışanlara 600 ABŞ dolları məvacib ödəyəcəyinə söz vermişdi. Maaşların verilməsində gecikmə yaranınca işçilər tətil elan etmiş, bundan sonra ödənişlər bərpa edilmişdi. Müqavilədə, həmçinin müəssisədə çalışanların yeməkxanasının yenilənməsi, təhlükəsizlik tədbirlərinin artırılması və texnoloji avadanlıqların təkmilləşdirilməsi ilə bağlı maddələr yer almışdı.

Şirkət rəhbərliyi avqustun 23-də  daha çox gəlir əldə etmək üçün daimi işçiləri müvəqqəti müqaviləli çalışanlarla əvəz etdi. Braziliya Metallurgiya  Sənayesi İşçiləri Həmkarlar İttifaqı bu addıma cavab olaraq tətil kampaniyası başladıb. İttifaq rəhbərliyi keçirdiyi toplantıda “General Motors” şirkətini fevral ayında bağlanan  müqaviləyə sadiq qalmağa çağırıb.

İndustriALL Qlobal İttifaqının bölgə üzrə katibi Marino Vani işçilərin tətil kampaniyasını dəstəklədiklərini bildirib. İttifaq adından “General Motors”a müraciət edərək problemi həll etməyi və razılaşmaya uyğun addımlar atmağı tələb edib.

Cavid SƏFƏROV