Müqavilənin verdiyi üstünlüklər


Baxıldı : 33

Tarix : 2017-12-22 22:45:13


"Holcim" (Azərbaycan) ASC son illərdə yaranan ən müasir istehsal sahələrindən biridir. Ölkəmizdə sementə olan tələbatın, demək olar ki, 50 faizini ödəyir. 500 milyon ABŞ dolları həcmində investisiya qoyulmuş müəssisədə 250 nəfərdən artıq işçi çalışır. Bu günlərdə ASC-də işəgötürənlə həmkarlar ittifaqı arasında kollektiv müqavilə imzalanmışdır. İmzalanma mərasimində "İnşaat-İş" Həmkarlar İttifaqının sədri Umud Hüseynov və baş texniki əmək müfəttişi Mahir İbrahimov da iştirak etmişlər. ASC sədri Frederic Guimbal və HİK sədri Mübariz Məmmədov tərəfindən imzalanan müqavilədə işçilərin sosial hüquqlarının qorunması, əməkhaqqının ödənilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması və sair məsələlər əks olunub.

Götürülən öhdəliklərə görə, hər bir işçinin gündə bir dəfə ödənişsiz nahar etmək hüququ var. İş yerini tərk edə bilməyənlər üçün ərzaq payı ayrılır. Məzuniyyət hüququ hər bir işçiyə əmək müqaviləsinin müddətindən asılı olmayaraq verilir və burada əlillərə, həmçinin tək uşağı olan qadınlara, müharibə veteranlarına, işləyərək təhsil alan, 20 il fasiləsiz çalışan işçilərə güzəştlər edilir.

İşə gəlib-getmə, həmçinin istirahətin təşkil edilməsində nəqliyyat vasitəsinin təminatı işəgötürənin birbaşa üzərindədir. İş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə işəgötürən cavabdehlik daşıyır. Bu sahə üzrə standartlar, normalar texnoloji proseslərin təhlükəsizliyinə, sağlam sanitariya, gigiyena şəraitinin normativlərə uyğunlaşdırılması, əmək şəraiti zərərli və ağır olan işçilərə gündəlik olaraq hər növbədə 0,5 litr pulsuz süd verilməsi, tələb olunan çeşidlərdə pulsuz xüsusi geyimlər, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi təmin ediləcək. Müəssisənin devizi belədir: məqsədimiz sıfır xəsarət, sıfır hadisədir.

Müəssisədə minimum əməkhaqqı 520 manatdır. İş vaxtı balansından artıq saatlarda tarif maaşının ikiqat məbləğində ödənilməsi nəzərdə tutulur. Kollektiv müqavilənin yerinə yetirilmədiyi və şərtlərinin pozulduğu təqdirdə işəgötürən və HİK məsuliyyət daşıyır.

Əhəd İBADOV