Müraciətlərin sayı artıb


Baxıldı : 47

Tarix : 2017-10-28 00:03:30


2014- cü ilin iyulunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi istifadəyə verilib. Həmin vaxtdan bəri sistemə 9 milyon 885 min 100 dəfə müraciət edilib.

İndiyədək Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin 7 milyon 957 min 200-ü əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasına və bu barədə işəgötürənə məlumatın verilməsi elektron xidmətinə aiddir. Həmin elektron xidmət əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılması üçün onların elektron qaydada qeydiyyatdan keçirilməsi vasitəsi kimi çıxış edir. Sistemdəki "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" elektron xidməti isə hər kəsə işlədiyi, yaxud əvvəllər işləmiş olduğu iş yeri üzrə onunla işəgötürənlər arasında əmək müqaviləsinin bağlanması, onlara dəyişikliklər edilməsi və xitam verilməsi üzrə sistemə daxil edilmiş bildirişlər barədə məlumatı öyrənmək imkanı yaradır.

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin cəmiyyət üçün mühüm faydalarından biri də sistemin işləyən vətəndaşlara müvafiq hallarda işəgötürənlərə müraciət etmədən iş yerləri barədə elektron qaydada arayış əldə etmək imkanı verməsindədir.