Müsabiqə keçirilib


Baxıldı : 212

Tarix : 2017-12-27 19:11:49


Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının dəstəyi və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə Bakı və Sumqayıt qarnizonunun yanğından mühafizə hissələri arasında "Köpük verməklə ən yaxşı manqa" adı uğrunda baxış-müsabiqə keçirilib.

Müsabiqədə DYMX-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin (YMİ) 45, 46, 47, 48, 49, 50, 51, 53, 54, 56 nömrəli, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi (YMD) Yanğından Mühafizə Xidmətinin 11, 12, 13, 18, 19 nömrəli və Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin (ŞDYMİ) 21, 23 və 24 nömrəli yanğından mühafizə hissələri iştirak edib.

Hər bir komanda manqa şəklində "MAN" markalı AÇ-2,5T avtomobilində tərkibi 7 nəfər yanğınsöndürmə növbəsinin rəisi və ya köməkçisi, manqa komandiri, sürücü, dörd yanğınsöndürəndən ibarət olmaqla təmsil olunub.

Bir mərhələdən və iki hissədən ibarət olan müsabiqədə manqaların şəxsi heyətinin sıra baxışı keçirilib. Yanğın texnikasına, yanğın texniki ləvazimatlarına və təqdim edilmiş sənədlərə baxış keçirildikdən sonra manqalar kompleks tədbirlərdən ibarət döyüş açılışını etməklə yarışa qatılıblar.

Sonda 18 komandanın, o cümlədən 126 yanğınsöndürənin iştirak etdiyi müsabiqədə Neftayırma Müəssisələri üzrə YMD-nin 19 nömrəli YMH-nin komandası 1-ci yeri, Sumqayıt ŞDYMİ-nin 21 nömrəli YMH-nin komandası 2-ci yeri, ARDNŞ obyektləri üzrə YMİ-nin 54 nömrəli YMH-nin komandası isə 3-cü yeri tutub.

Qaliblərə FHN İşçiləri Həmkarlar İttifaqı tərəfindən medal və diplomlar, qiymətli hədiyyələr təqdim edilib.

Azər MUSTAFAYEV