Müəssisədə əmək xəsarəti alan işçiyə zərərə görə ödənc hansı qaydada ödənilməlidir? Həmin ödəncin verilməsi üçün qanunvericilik mövcuddurmu?


Baxıldı : 68

Tarix : 2018-07-07 00:16:50


Müəssisədə əmək xəsarəti alan işçiyə zərərə görə ödənc hansı qaydada ödənilməlidir? Həmin ödəncin verilməsi üçün qanunvericilik mövcuddurmu?

 

Vəli MƏMMƏDLİ,

Gəncə şəhəri.

- “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” Nazirlər Kabinetinin 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu Qaydalara görə, zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin azalması və ya işçinin ölümü nəticəsində  dəyən zərərin aylıq ödənci işçinin xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əməkhaqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 

Qeyd edək ki, 11 may 2010-cu il tarixdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun qəbul edilmişdir. Əgər Siz bu Qanuna müvafiq olaraq sığorta olunan şəxssinizsə, o zaman bu Qanunun müddəaları Sizə tətbiq olunacaq və bədbəxt hadisə nəticəsində əmək xəsarəti almağa görə ödənc icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödəniləcəkdir. Sığorta olunan şəxs deyilsinizsə, onda bədbəxt hadisə nəticəsində əmək xəsarəti almağa görə ödənc işlədiyiniz təqsirkar müəssisənin hesabına ümumi qaydada ödəniləcəkdir.

 

3 ildir ki, əmək funksiyamı yerinə yetirən zaman  sağlamlığıma zərər dəyib. Lakin təşkilat tərəfindən heç bir kompensasiya ödənilməmişdir. Həmin müddətdən xəstəyəm. Odur ki, məhkəməyə  müraciət edə bilməmişəm. Zərərin təşkilat tərəfindən ödənilməsi üçün mən indi məhkəməyə müraciət edə bilərəmmi?

 

Mustafa VƏLİYEV,

Lənkəran şəhəri.

- Bu məsələ Əmək Məcəlləsinin “fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” adlanan 296-cı maddəsi ilə tənzimlənir.  Həmin maddəyə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin qanunvericiliyin müəyyən etdiyi hallar üçün müddətlər fərqlidir. Məsələn, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ vardır. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə isə iddia müddəti şamil edilmir. 

Belə ki, Siz heç bir məhdudiyyət qoyulmadan cavabdeh təşkilatın qeydiyyatda olduğu yerin rayon (şəhər) məhkəməsinə müraciət edə bilərsiniz.

 

İstehsalatda bədbəxt hadisə baş verdikdə bu hadisəni araşdırmaq üçün komissiya yaradılır və komissiya öz işinin nəticəsi barədə akt tərtib edir. Bilmək istərdik ki, bu akta hansı sənədlər əlavə olunmalıdır?

 

Səyyad ƏLİYEV,

Sumqayıt şəhəri.

 

- Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması” Qaydalarının 3.5. hissəsinə əsasən, həmin akta aşağıdakı sənədlər əlavə olunmalıdır:

- hər bir zərərçəkən üçün İZ formalı aktın surəti;

- hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri;

- sorğu protokolları;

- bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları;

- ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr);

- zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış;

- zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy;

- bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya araşdırılmasının və başqa araşdırılmaların, təcrübələrin, analizlərin və s. nəticələri;

 - qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış;

- araşdırma komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti;

- təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar və Fövqəladə Hallar Nazirliyinin texniki araşdırma aktının surəti.

Əgər araşdırma komissiyası üzvlərindən kimsə aktı xüsusi rəylə imzalamışdırsa, bu zaman araşdırma aktına xüsusi rəyin surəti də əlavə edilir.