Mütaliəyə böyük maraq var idi Bu ənənəni bərpa etmək istəyiriksə


Baxıldı : 164

Tarix : 2019-12-27 16:46:52


Azərbaycan hələ sovet dövründə ən çox kitab satılan respublikalar arasında idi. Mütaliəyə böyük maraq var idi. Təəssüf ki, 90-cı illərdən sonra mütaliə edənlərin sayı qat-qat azaldı, hətta vəziyyət o həddə çatdı ki, şəhər və rayonlarımızda kitab mağazaları, demək olar ki, qeybə çıxdı. Şükürlər olsun ki, son illər ölkəmizdə mütaliə ənənəsinə dönuş meyilləri özünü göstərir. Bu meyilin hələlik kütləvi xarakter alması isə, mütəxəssislərin dediyinə görə, bir neçə səbəbdən ləngiyir.

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu əsas səbəb kimi vergi yükünü göstərir. Deyir ki, dünyanın əksər ölkələrində, xüsusən də Avropa Şurasına daxil olan ölkələrdə, kitablara əlavə dəyər vergisi (ƏDV) qoyulmur. Bizdə isə bu, 18 faiz təşkil edir. Təbii ki, bu da qiymətə təsirsiz ötüşmür. Həm də bizdə kitabların tirajı da az olur. Ən yaxşı halda təxminən 1000-2000 tiraj. Tiraj da aşağı olanda qiymət yüksək olur.

Ş.Xuduoğlu onu da qeyd etdi ki, kitabın ərsəyə gəlməsində istifadə olunan məhsullar bizdə istehsal olunmur: “Kağız, rəng, hətta sap belə xaricdən gətirilir. Xaricdən də gələndə gömrük rüsumu, ƏDV ödənilir. Və bu da qiymətə təsir edir”.

Təhsil üzrə ekspert Kamran Əsədov da, qonşu ölkələrlə müqayisədə, bizdə qiymətin baha olmasını təsdiqlədi. İndi təxminən 10-15 il əvvəllə müqayisədə kitab satışı mağazası problemi yoxdur, - dedi. Artıq Bakının hər küçəsində kitab satışı yerləri var. Amma, təəssüflər olsun ki, kitabların satış qiyməti elə qonşularımız olan Türkiyə və Gürcüstanla müqayisədə dəfələrlə bahadır. Çünki həmin ölkələrdə kitab çapı üçün lazım olan, müasir tələblərə cavab verən yaxşı, qalın, tez xarab olmayan kağızlar vergilərdən azaddır və bunlardan rüsum alınmır. Bu gün, təəssüflər olsun ki, həm gəlir vergisinin, həm əlavə dəyər vergisinin, həm də gömrük vergisinin alınması kifayət qədər kitabların qiymətinə təsir göstərir. Müqayisə üçün deyək ki, Türkiyədə dəyəri  4 manat olan kitab Azərbaycanda 15 manatdır.

Onu da qeyd etdi ki, qiymətə təsir edən amillərdən biri də xarici ədəbiyyatın dilimizə tərcüməsi ilə bağlıdır. Lisenziyalı bir kitabın alınıb tərcümə olunması üçün onun qurumuna, müəllifinə, nəşriyyatına pul ödənilməlidir. Bu da çox böyük vəsait deməkdir. Ona görə də bir çox hallarda həmin kitablar orijinal dillərdə gətirilir.

Ekspert bildirdi ki, təhsilin əlçatanlığının təmin olunması üçün ölkə Prezidenti İlham Əliyev 2003-cü ildən etibarən orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə məktəb kitablarının pulsuz verilməsi haqqında sərəncam imzaladı: “Bu, çox gözəl bir addım idi. Çünki bütün ailələrin maddi imkanı yoxdur ki, dərslikləri tam şəkildə komplekt olaraq alsın. Yaxşı olar ki, uşaq ədəbiyyatı da bura əlavə edilsin. Yəni oxu günləri keçirməklə, bu və ya digər müsabiqələr təşkil etməklə uşaqlarımızı oxumağa cəlb etməliyik.

Aliyə SƏMƏDOVA