Mütəxəssislərin yetişdirilməsinə ehtiyac var


Baxıldı : 112

Tarix : 2017-03-31 23:15:53


Bu gün Azərbaycan iqtisadiyyatının mühüm bir sahəsi olan kənd təsərrüfatında mövcud problemlərdən biri də peşəkar, ixtisaslaşmış kadrların çatışmazlığıdır.

Məsələ dövlət başçısının da diqqətindədir. Prezident İlham Əliyev martın 22-də Saatlıda keçirilən Respublika müşavirəsində bu problemə toxunub: "Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq".

Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil Şöbəsinin müdiri Namiq Məmmədov deyir ki, nazirlik kadr hazırlığının keyfiyyətini artırmaq üçün müəyyən addımlar atır, amma çatışmazlıqlar hələ də var. Əsas çatışmazlıq isə bu sahədə çalışanların maaşlarının yüksək olmamasıdır. Həmçinin nazirlik nümayəndəsi etiraf edir ki, gənc kadrların aldığı bilik də bəzən yetərli olmur: "Aqronomlar hazırlanırlar, lakin onlar həmin istiqamətlər üzrə elə də geniş bilik və bacarıq əldə etmədiklərindən sahibkarlarla işləməyə başladıqda müəyyən çətinliklər çəkirlər. Aqrar sahədə çalışmaq heç də asan məsələ deyil".

 Bu problemin konkret səbəblərini və həlli yollarını öyrənmək üçün kənd təsərrüfatı üzrə mütəxəssis  Vahid Məhərrəmovun fikrini soruşduq.

Ekspert texniki peşə məktəblərinın işə salınmasını və orada peşəkarların yetişdirilməsinin vacibliyini vurğulayıb bildirdi ki, universitetlərdə də mütəxəssislər hazırlanmalıdır (aqronomlar, zootexniklər, baytar həkimləri və s.).

V.Məhərrəmov dedi: "Bundan sonra elə etmək lazımdır ki, bu kadrlara tələb yaransın, çünki indiki zamanda kənd təsərrüfatı mütəxəssisləri arasında rəqabət yoxdur. Yerlərdə bunun üçün kooperativlər yaradılmalıdır. Hazırda kooperativlərin sayı cəmi 60-a yaxındır, böyük müəssisələrin isə sayı çox azdır (20-25). Kiçik müəssisələrin gəliri az olduğu üçün kadrlardan istifadə etməyə ehtiyac görmürlər. Yeni texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması və istehsal olunan məhsulun bazara çıxarılmasını təşkil edəndən sonra kooperasiyaların əməkhaqqı ödəmək qabiliyyəti olacaq".

Ekspert təəssüflə qeyd etdi ki, ən aşağı bal toplayan abituriyentlər Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunurlar. Və burada təhsil  alan tələbələrin sonradan işlə təminatında da bir sıra problemlər yaranır. Təəssüflər ki, Azərbaycandan bir tələbə belə Avropa institutlarına kənd təsərrüfatı sahəsində təhsil almaq üçün göndərilməyib. O kadrlar olmadan bu sahəni inkişaf etdirmək mümkün deyil. Bu gün tələb olunan kadrlar Azərbaycana digər ölkələrdən gətirilir. Xüsusən Türkiyədən aqronom, zootexnik, baytar həkimi dəvət olunur. Ona görə ki, onlar daha hazırlıqlıdırlar, müəyyən mənada bilgi üstünlüyünə malikdirlər, təhsil aldıqları ali təhsil müəssisələrində müasir texnologiyanı onlara yaxşı aşılayıblar, nisbətən təcrübələri də var. Elə buna görə də Türkiyə bölgədə kənd təsərrüfatı sahəsində kifayət qədər inkişaf etmiş ölkələrdən biridir.

Günel QULİYEVA