Mülki işlə əlaqədar rayon məhkəməsinə müraciət etmişdim


Baxıldı : 88

Tarix : 2018-04-14 01:22:01


Mülki işlə əlaqədar rayon məhkəməsinə müraciət etmişdim. Qətnamə mənim ziyanıma qəbul edildi. Həmin qətnaməni mən bir neçə gün əvvəl almışam və bu haqda sənədə imza da etmişəm. Apellyasiya şikayəti vermək istəyirəm. Mənə deyirlər ki, apellyasiya şikayətinin vaxtını buraxmışam. Xahiş edirəm, apellyasiya şikayətinin verilmə qaydası və müddəti haqqında məlumat verəsiniz. Bunun üçün dövlət rüsumu tələb olunurmu? Şikayətim geri qaytarıla bilərmi?

 

Səlim VƏLİYEV,

Bakı şəhəri.

 

- Mülki Prossesual Məcəllədə Sizi maraqlandıran bütün məsələlər öz əksini tapıb. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qətnamə işdə iştirak edən hər hansı bir tərəfi qane etmirsə, o, apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamənin 1 aydan artıq müddətə qəbul edilməsinə baxmayaraq, apellyasiya şikayətinin müddəti Sizə təqdim olunduğu gündən 1 ay müddətinə hesablanır. Deməli, qanunvericiliyə əsasən, apellyasiya şikayətini vermək üçün müddəti buraxmamısınız. Qətnaməni aldıqdan sonra apellyasiya şikayətini qeyd edilən müddət ərzində işə baxmış birinci instansiya məhkəməsinə təqdim etməlisiniz. Apellyasiya şikayətiniz aidiyyəti üzrə müvafiq apellyasiya məhkəməsinin mülki kollegiyasına yazılmalıdır. Şikayətdə tələbiniz və şikayətə əlavə etdiyiniz sənədlərin siyahısı dəqiq göstərilməlidir.

Apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu müəyyən edilmişdir. Bu rüsum işin xüsusiyyətinə uyğun olaraq müxtəlif məbləğdə nəzərdə tutulmuşdur. 361.3-cü maddəyə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilməlidir.

Şikayətin geri qaytarılması halları MPM-in 363-cü maddəsində göstərilmişdir. Apellyasiya şikayətinin imzalanmaması, dövlət rüsumunun ödənilməməsi, şikayəti vermək üçün müddətin buraxılması belə hallara aiddir.

Apellyasiya şikayətini alan birinci instansiya məhkəməsi bu şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Əgər şikayətiniz qanunun tələblərinə uyğundursa, onda əlavə edilmiş sənədlərlə birlikdə şikayətin verilmə müddəti (1 ay) bitdikdən sonra 7 gün müddətində müvafiq apellyasiya məhkəməsinin mülki kollegiyasına göndərilir.

Şikayət apellyasiya məhkəməsinə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü (şikayətin əsaslı olması) yoxlanılır. Əgər apellyasiya mümkün hesab olunursa, məhkəmə işə baxılması vaxtını təyin edir. MPM-in 368-ci maddəsinə əsasən, qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq qərar qəbul edilməlidir.

 

Həyat yoldaşım polis əməkdaşı olmuşdur. Təqaüd vaxtı olduğu üçün təqaüdə çıxarılmış və ona 560 manat təqaüd təyin olunmuşdur. O, 2016-cı il mart ayında vəfat etmişdir. Mən isə qocalığa görə 196 manat təqaüd alıram. Vəfat etmiş ərimin aldığı 560 manat təqaüdü necə ala bilərəm?

 

Fəridə HÜSEYNOVA,

Sabirabad şəhəri.

 

- “Əmək pensiyaları haqqında” qanunun 14.1.2 maddəsinə əsasən, vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan ər, arvad həmin Qanuna uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

Məktubunuzdan məlum olur ki, Siz yaşa görə əmək pensiyası alırsınız. Buna görə də vəfat etmiş həyat yoldaşınıza təyin olunmuş pensiyanın qanunvericiliyə uyğun olaraq Sizə təyin edilməsi üçün yaşadığınız ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlisiniz. Onlar yoldaşınıza təyin edilmiş 560 manat əmək pensiyasından Sizə çatacaq hissəni müəyyənləşdirib ödəyəcəklər.

 

Xəstəlik vərəqəsi üçün müavinət hansı müddətdə hesablanıb ödənilməlidir?

 

Sevinc VƏLİŞOVA,

Bakı şəhəri.

 

- Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. Müavinətin verilməsi müddəti isə Əsasnamənin 110-cu bəndində qeyd edilir: “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin sığortaedənin vəsaiti hesabına ödənilən hissəsi, əməkhaqqının verilməsi üçün müəyyən olunmuş müddətlərdə verilir”.

Əməkhaqqının verilməsi müddətləri ƏM-nin 172-ci maddəsinin 1-ci hissəsinə görə aşağıdakı kimidir: “Aylıq əməkhaqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir”. Yuxarıda qeyd edilənlərə əsasən, xəstəlik vərəqəniz 14 təqvim günüdürsə, müavinət ƏM-in 172-ci maddəsinə uyğun olaraq, 14 təqvim günündən çoxdursa, onda sığortaedənin vəsaiti hesabına ödənilən hissədən (14 təqvim günü) çox olan günlər dövlət sosial sığorta haqları (Dövlət Sosial Müdafiə Fondunun vəsaiti) hesabına ayın sonunda hesablanıb ödənilməlidir.

 

Patent kimlərə verilir?

 

Ülkər SEYİDOVA,

Bakı şəhəri.

 

-Patent aşağıda göstərilən şəxslərə verilir:

ixtira, faydalı model və sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə;

patent verilməsi barədə iddia sənədində, yaxud ixtira, faydalı model və sənaye nümunəsi qeydiyyata alınana qədər müvafiq icra hakimiyyəti orqanına verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə);

“Patent haqqında” qanunda nəzərdə tutulan hallarda işəgötürənə.

Yığma komandamız dünya ikincisi olub

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb. Yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda ABŞ idmançıları ilə qarşılaşıblar.

Qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb. Millimizin heyətində “Zenit” İdman Cəmiyyətinin iki yetirməsi  də  çıxış edib. Əfqan Xaşalov 61 kq. çəki dərəcəsində, Cəbrayıl Həsənov isə 79 kq. çəki dərəcəsində mübarizəyə qoşulub. Pəhləvanlarımız bütün yarış ərzində inamlı təsir göstəriblər.