Müqavilə beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməlidir


Baxıldı : 81

Tarix : 2018-07-28 04:42:30


Meksikada avtomobil sektorunda çalışan işçilərin hüquqlarının müdafiəsi məqsədilə yeni həmkarlar təşkilatı yaradılır. Demokratik və Müstəqil Həmkarlar İttifaqı Federasiyası ilk vaxtlar  25 mindən çox işçini təmsil edəcək. İttifaqın məqsədi işçilərin müstəqil şəkildə üzv ola  biləcəyi və onların hüquqlarının müdafiəsi üçün mübarizə aparan bir təşkilat olmaqdır. Onlar ölkədə əmək fəaliyyətinin  və sənaye siyasətinin formalaşmasında yaxından iştirak etmək istəyirlər.

İyulun 1-də Meksika prezidenti seçilən Andres Manuel Lopez  Obrador seçki kampaniyası zamanı həmkarlar ittifaqlarının hüquq çərçivəsində fəaliyyətinə imkan yaratmaq və işçi hüquqlarını dəstəkləmək barədə vəd vermişdi. Bu, yaranacaq həmkarlar təşkilatı ilə  hökumət arasında sosial dialoqun qurulacağına inamı artırır.

Məsələyə münasibət bildirən İndustriALL Qlobal İttfaqının Meksika üzrə koordinatoru Xose Luis Rodruges Salazar deyib ki, Meksikada vətəndaş cəmiyyəti idarəetmədə korrupsiya hallarını rədd etdi. Yeni hökumətin seçilməsi ilə ölkənin sosial, siyasi və iqtisadi həyatında dəyişiklik etmək üçün imkan yaranıb. İndi əmək bazarında dəyişiklik və inkişaf bizim üzərimizə düşür. İndiyə qədər çalışanlarla işəgötürənlər arasında “qoruma müqaviləsi” deyilən daha çox işəgötürənin xeyrinə maddələrdən ibarət sənəd imzalanırdı. Yeni yaradılan ittifaqın məqsədi ilk növbədə bu sənəddəki maddələrin beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsinə yönəlib.

Qeyd edək ki, fəaliyyətlə bağlı sənədləşmə işləri aparılan federasiya ölkədə işçi və sənaye siyasəti ilə əlaqəli qərarlarda rol oynayacaq. Əsasən avtomobil və hissələri, nəqliyyat, kimya sənayesi və sair sənayelərdə çalışanların hüquqlarının müdafiəsi yönündə işlər aparacaq.

İndustriALL-ın baş katibi Valter Sançez Meksika Demokratik və Müstəqil Həmkarlar İttifaqları Federasiyasının qurulması qərarını məmnuniyyətlə qarşılayıb və fəaliyyətlərində hər zaman onlara dəstək olacaqlarını bildirib.