Müsabiqə və idman yarışlarının qaliblərinə mükafatlar təqdim olundu


Baxıldı : 66

Tarix : 2018-06-13 23:26:28


İyunun 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə müəllimlər və tələbələr arasında təşkil olunmuş müsabiqə və idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi olub. Mərasimdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev geniş giriş sözü söyləyib.

Deyib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq müsabiqə-festivalı Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə təşkil olunmuşdur. Əsas məqsədimiz tələbələrimizi mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməklə asudə vaxtlarını daha səmərəli təşkil etməkdir. Müsabiqə-festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas, 11 peşə təhsili müəssisəsinin 200-dən artıq şagird və tələbəsi iştirak etmişdir.

Tələbələrimizin xüsusi maraq göstərdiyi müsabiqə-festivalın iştirakçıları arasından qalibləri Azərbaycan Respublikasının xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət peşəkar Münsiflər Heyəti həyata keçirmişdir.

Münsiflər Heyətinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycanın əməkdar incəsənət xadimi Fərəh xanım Əliyeva rəhbərlik etmişdir. Fürsətdən istifadə edib bir daha Münsiflər Heyətinə, başda Fərəh xanım Əliyeva olmaqla, Təranə Muradovaya, Baba Vəziroğluna, Nailə Mirməmmədliyə, Hafiz Quliyevə, Təyyar Bayramova, Arslan Növrəsliyə öz təşəkkürümü bildirirəm.

Səttar müəllim demişdir, bu gün Azərbaycan bütün sahələr üzrə davamlı inkişaf yolu keçir, Azərbaycanın mədəniyyəti, mənəvi dəyərləri bütün dünyaya təbliğ olunur. Heç şübhəsiz ki, bu inkişafın əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin hər zaman himayədarı olmuşdur. O, mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı, tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin də qorunub saxlanmasına və təbliğinə diqqətlə yanaşırdı. Məhz onun müdrikliyi və uzaqgörənliyi nəticəsində Azərbaycan davamlı inkişafa nail olmuş və regionun lider dövlətinə çevrilmişdir.

Bu gün qürur hissi ilə bildiririk ki, ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzularını onun layiqli davamçısı cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan dünya ölkələrinin hesablaşdığı güclü dövlətə çevrilib. Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə əsaslı nailiyyətlər əldə etmiş və özünün müasir inkişaf dövrünü yaşayır.

Ümummilli lider Heydər Əliyevin ideyalarının reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondunun da böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.

Bu gün həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə təşkil olunan yarışların və respublikanın ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilmiş şahmat yarışının qaliblərinin də mükafatlandırılması mərasimidir.

Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə təşkil olunan yarışlar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə keçirilmişdir. Bu yarışlarda Bakı şəhərinin ümumtəhsil müəssisələrindən minə yaxın müəllim idmanın voleybol, şahmat, dama, minifutbol və stolüstü tennis növləri üzrə güclərini sınamışlar.

Ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışı isə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunmuşdur. Üç mərhələdən ibarət olan yarışın respublika turunda 75 müəllim iştirak etmişdir.

Bu idman yarışları respublika və beynəlxalq dərəcəli hakimlərin rəhbərliyi ilə keçirilmiş, iştirakçıların göstərdiyi nəticələr obyektiv şəkildə qiymətləndirilmişdir.

S.Möhbalıyev sonra demişdir, danılmaz faktdır ki, bədən tərbiyəsi və idmanın inkişafına da Azərbaycanın ümummilli lideri Heydər Əliyev həmişə qayğı göstərmiş, mütəmadi olaraq onlarla görüşmüş, arzu və təkliflərini dinləmiş, idman obyektlərinin tikilib istifadəyə verilməsi, idmançıların əməyinin yüksək şəkildə qiymətləndirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli lider tərəfindən əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasəti nəticəsində respublikamız dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir, Azərbaycan idmançıları bu gün dünyanın müxtəlif idman arenalarında üçrəngli bayrağımızı dalğalandırırlar.

AHİK sədri çıxışının sonunda qeyd etmişdir ki, həm bədii yaradıcılıq festivalı, həm də idman yarışları TİAHİ Respublika Komitəsinin mədəniyyətimizin, incəsənətimizin, idmanımızın inkişafı, tələbə və müəllimlərimizin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Biz, həmkarlar ittifaqı olaraq, bu tədbirləri gələcəkdə də davam etdirəcək, doğma Azərbaycanımızın həm iqtisadi sahədə, həm humanitar sahədə inkişafına öz töhfələrimizi verəcəyik. Sonda ulu öndərimizin anadan olmasının 95 illiyi münasibətilə keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının və idman yarışlarının qaliblərini ürəkdən təbrik edirəm. Sizə gələcəkdə yeni-yeni uğurlar arzulayıram. Allah sizi qorusun.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva həmkarlar ittifaqlarının idman, mədəniyyət sahəsində keçirdiyi tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, bu tədbirlər istər təhsilverənlərin, istərsə də təhsilalanların mənəvi və fiziki sağlamlığına böyük köməkdir. Ona görə də biz, dövlət qurumu olaraq, əvvəllər də, indi də, gələcəkdə də tərəfdaşlarımızın bu qəbildən olan tədbirlərini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.

Məhəbbət xanım çıxışında bir etiraf da etdi, şəhər təhsil idarəsinin idman komandaları həmkarlar ittifaqının təşkilatçısı olduğu yarışlarda ilk dəfə idi ki, iştirak edirdi. Düzdür, təmsilçilərimiz idman müəllimlərinin hesabına formalaşmış orta təhsil müəssisələrinin komandaları ilə rəqabət aparmaq gücündə deyildi. Buna baxmayaraq, məğlubiyyətlərimizlə yanaşı, uğurlarımız da oldu. İdarənin həmkarlar ittifaqı təşkilatı ilə qərara aldıq ki, bundan sonra işçilərimizin fiziki formada olmasına qayğı göstərək, növbəti yarışlara güclü komanda ilə qatılaq.

Bizi bu istəyə saldığına görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürümü bildirirəm.

M.Vəliyeva idmanın kütləviliyi üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə də toxundu.

Sonra qaliblərin mükafatlandırılması mərasiminə başlandı. Yarışların qaliblərinə pul mükafatı, qiymətli hədiyyələr, diplom, Fəxri Fərman, kubok və idman formaları verildi.