Ən böyük arzusu Vətən uğrunda şəhid olmaq idi


Baxıldı : 384

Tarix : 2016-06-03 05:42:00


Aprel ayında cəbhə bölgəsində düşmənin qəfil zərbəsinə mərdliklə sinə gərərək ona layiqli cavab verən igid oğullarımızdan biri də əsgər Emin Bağırov olub. Torpaqlarımızın işğaldan azad edilməsi xəbərini eşidərək özünü döyüş yoldaşlarının yanında görmək və bu sevinci onlarla birgə yaşamaq istəyi Eminin necə mübariz olmasından, vətənpərvərliyindən, cəsurluğundan xəbər verirdi. Qarabağın qaytarılacağı günü hər birimiz kimi səbirsizliklə gözləyirdi. Ona görə silahlı münaqişənin qızğın anında irəli atıldı. Yaşının az olması və döyüş zonasına buraxılmaması da onun yolunu kəsə bilmədi. Ən böyük arzusu Vətən uğrunda şəhid olmaq idi. Bu istəyinə də çatdı. Aprelin 4-də ən ali məqama - şəhidlik zirvəsinə ucaldı. Emin həm də idmançı idi. Hərbi xidmətə getməmişdən əvvəl boksla məşğul olub. \ Zenit\ Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi idi. Onun idmanın boks növündə qazandığı uğurlar barədə cəmiyyətin sədri Fazil Hadıbəyov və məşqçisi olmuş Ceyhun Rüstəmov məlumat verdilər. C.Rüstəmov fəxrlə onun bura ilk gəlişindən, boksa olan həvəsindən, məşq proseslərindən danışdı. Dedi ki, 2009-cu ildə Cəmiyyətin idman zalına gələrək mənimlə söhbət etdi və boksla məşğul olmaq istədiyini bildirdi. 5 il burada məşq elədi. Ən sevimli tələbələrimdən biri idi. Məşqləri buraxmazdı, vaxtlı-vaxtında gələrdi. Respublika və paytaxt birinciliklərində, regional yarışlarda çıxış etmişdi, yaxşı nəticələr qazanmışdı. 2012-ci ildə yeniyetmələr arasında respublika birinciliyinin gümüş mükafatçısı olub, həmçinin Bakı birinciliyində üçüncü yer tutub. Həmişə məşqdən sonra söhbətlər aparırdıq. Əlavə məşqlərə qalırdı, fərdi çalışmalarla məşğul olurdu, fiziki hazırlığına xüsusi diqqət yetirirdi. Boş vaxtlarında həm də mənə köməklik edirdi. Bəzi dərsləri uşaqlara keçməyi ona tapşırırdım. Yəni məşqçilik etməyi bacarırdı, fikrini uşaqlara çatdırmağa çalışırdı və deyim ki, bunun öhdəsindən də gəlirdi. İstedadlı, prinsipial və çox zəhmətkeş gənc olub. Məşhur boksçu olmaq kimi bir arzusu vardı. Cəmiyyətin həyata keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edirdi. Vətənə, torpağa yaxından bağlı olan, onu qəlbən sevən bir gənc kimi xatirəmdədir. Hərbi xidmət ərəfəsində istəyi döyüş bölgəsinə getmək, torpaqlarımızın tez bir zamanda işğaldan azad edilməsində iştirak etmək idi. Ceyhun müəllim sözünə davam edərək qeyd elədi ki, ali məktəbə qəbul olunmaq üçün sənədlərini vermişdi. Lakin imtahandan keçə bilməmişdi. 2014-cü ildə oktyabr ayında əsgərliyə yollandı. 18 yaşı təzəcə tamam olmuşdu. 2016-cı ilin aprel ayında hərbi xidməti başa vurub evə dönməli idi... Amma torpaq, Vətən sevgisi hər şeydən üstündür. Bu hər birimiz üçün müqəddəsdir. Könüllü olaraq cəbhə bölgəsinə gedib. Xidmət müddəti bitdiyi üçün onu aparmayıblar, arxa cəbhədə saxlayıblar. Öz istəyi ilə döyüşə yollanıb, deyib ki, təcrübəli əsgər qabaqda olmalıdır. Mahir kəşfiyyatçı idi, təlim proseslərində fərqlənib, dəfələrlə komandirlər tərəfindən mükafatlandırılıb. Məzuniyyəti zamanı Cəmiyyətin idman zalına gələr, məşq prosesi ilə maraqlanardı. Tez-tez bizimlə əlaqə saxlayar, qazandığı nailiyyətləri bölüşərdi. Yadımdadır ki, paraşütdən tullanma üzrə imtahan vermiş, 100 nəfər əsgərin içində ikinci yerə çıxmışdır. Sevincini zəng edib bizimlə paylaşmışdı.Hərbi xidmətini başa vurduqdan sonra xüsusi təyinatlı dəstədə qalmaq istəyirdi. Orduda qalmaqla həm də idman karyerasını davam etdirmək fikrində idi. Türkiyəyə getməyə hazırlaşırdı, ixtisasartırma kurslarında iştirak etməyə, həm də kommando məktəbində oxumağa. Qismət belə oldu... Allah bütün şəhidlərimizə rəhmət etsin!Azər MUSTAFAYEV