Ən layiqlilər dəstəklənir


Baxıldı : 169

Tarix : 2015-02-07 13:12:00


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin xidmətində olan 72 ilk təşkilatdan artıq 18-də hesabat- seçki yığıncaqları başa çatmışdır. İlkin nəticələr qənaətbəxşdir. Üzvlər fəallıq göstərmiş, sədr seçkilərində ən yaxşılara üstünlük vermişlər. Seçkilərdə namizədliyi irəli sürülənlər arasında qadınlar və gənclər də az olmamışdır. Onlardan savadlı, təşkilatçılıq bacarığı olanların, kollektivdə özünü fəal ictimaiyyətçi kimi göstərənlərin namizədliyi müdafiə olunmuşdur. Başa çatan hesabat-seçkilərdə həmkarlar ittifaqı işini daha da yaxşılaşdırmaq, günün tələblərinə uyğun təkmilləşdirmək istiqamətində təkliflər də səslənmişdir. İradlar da az olmamışdır. İrad və təkliflər sahə Hİ Rayon Komitəsində toplanıb təhlili aparılır.Rayon komitəsinin sədri D.Mövlayeva müxbirimizə bildirdi ki, digər təşkilatlarda da hesabat-seçki yığıncaqlarının formalizmdən uzaq keçəcəyi gözlənilir.Çünki hələ kampaniya ərəfəsində, istisnalıq olaraq, bütün təşkilatlarda maarifləndirmə işləri aparmışıq. Respublika Komitəsinin seçkilərə dair qərarlarından irəli gələn vəzifələrin şərhini vermişik. Demişik bizdən tələb olunan odur ki, seçkilərdə şəffaflıq və ədalət prinsipləri əsas götürülməlidir. Yaş və cinsi ayrı-seçkiliyə qəti imkan vermək olmaz. Əgər namizədliyi irəli sürülən insan bütün parametrlər üzrə sədrliyə uyğun gəlirsə, gənc, yaşlı, kişi, qadın olmasına fərq qoymadan onu dəstəkləmək lazımdır. Siz ən layiqlilərin namizədliyini dəstəkləməklə özünüzün əmək, sosial hüquqlarını təmin etmiş olursunuz.B.RZAYEV