Nümunə ola biləcək fəaliyyət


Baxıldı : 263

Tarix : 2015-01-24 05:21:00


Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ötən ili uğurlu nəticələrlə yola saldı. Komitənin əldə etdiyi nailiyyətlər hər bir həmkarlar ittifaqına nümunə ola bilər. Bunu BHİK-in sonuncu plenumunda oxunan hesabat məruzəsində görmək olar. Məruzə ilə komitənin sədri Abiyət Ağadadaşova çıxış etmişdi. Həmin məruzədən bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq. Məruzədə deyilirdi: Komitəmizin fəaliyyəti çoxsahəlidir. Əsas vəzifəmiz ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərini və qanuni hüquqlarını müdafiə etmək, yeni təşkilatlar yaratmaq, kollektiv müqavilələrin vaxtında bağlanması və ona ciddi nəzarət, əməkhaqqının vaxtında ödənilməsinə nail olmaq, əməyin mühafizəsi, üzvləri sağlam və təhlükəsiz iş yeri ilə təmin etmək, sağlamlıqlarının qayğısına qalmaq, onları maarifləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin dekabrın 26-dakı iclasının qərarına əsasən, 2014-cü ilin aprel-may aylarında MN BHİK-in təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilmişdir. Seçki kampaniyasında komitəmizin ştatlı işçiləri və Rəyasət Heyətinin üzvləri iştirak etmiş və iclaslarda AHİK-in qərarlarının mahiyyəti və yerinə yetirilməsində ilk həmkarlar ittifaqlarının rolu, kollektiv müqavilələrin bağlanması, götürülən öhdəliklərin yerinə yetirilməsinə nəzarət və sair məsələlər əsas yer tutmuşdu.İlk növbədə bizim üçün önəmli təşkilatların nüfuzunun yüksək olmasıdır. Çünki üzvlərin sosial və əmək hüquqlarının nə dərəcədə qorunması HİK-in nüfuzu ilə birbaşa əlaqədardır. Biz Birləşmiş Həmkarlar İttifaqı Komitəsi olaraq vaxtaşırı yerlərə gedir, təşkilatların bu sahədə gördüyü işləri nəzərdən keçirir, tövsiyələrimizi veririk. Onların həllində çətinlik çəkdiyi məsələlərin yoluna qoyulması üçün hərbi hissə komandirləri və nazirliyin müvafiq idarə rəhbərləri ilə görüşür, danışıqlar aparırıq və lazımi köməyimizi əsirgəmirik.İl ərzində 5 yeni təşkilat yaratmışıq. 2 təşkilatımız isə ləğv olunmuşdur.Təşkilatımız ləğv olunsa da, orada çalışan mülki işçilərin - ittifaq üzvlərimizin başqa hərbi hissələrdə işlə təmin olunmasına çalışmışıq və buna qismən nail olmuşuq”.A.Ağadadaşova dedi ki, sahə Hİ Respublika Komitəsi ilə Müdafiə Nazirliyi arasında 2014-cü il oktyabr ayının 1-dən növbəti 3 il müddətinə kollektiv saziş bağlanmışdır. Bu sənəd Əmək Məcəlləsində işçilər və qulluqçular üçün nəzərdə tutulmuş təminatlardan əlavə zəmanətlər verir. Saziş yerlərdə bağlanacaq kollektiv müqavilələrin əsasını təşkil edir.BHİK-in xidmətində olan 73 təşkilatdan 58-də kollektiv müqavilə bağlanmışdır. 15 təşkilatda isə bu zəmində hələ danışıqlar aparılır. Komitəmizin iş planına uyğun olaraq, bir neçə təşkilatda kollektiv müqavilələrin icra vəziyyətini araşdırdıq. Araşdırmalar zamanı müəyyən edildi ki, kollektiv müqavilələrdə götürülmüş öhdəliklər əsas etibarilə yerinə yetirilmişdir.Məruzədə ittifaq üzvlərinin mövsümü istirahətinə, sağlamlığının bərpası istiqamətində görülən işlərə də toxunuldu. Bildirildi ki, ötən il 40 nəfərə sanator-kurort yollayışı, 93 nəfərə isə büdcə hesabına ailəvi istirahət evlərinə və turist bazalarına yollayışlar verilmişdir. Yollayışlara olan tələbatların çoxluğunu nəzərə alaraq yay aylarında və bayram günlərində ilk təşkilatlardan daxil olan sifarişlər əsasında 1-2 günlük respublikamızın müxtəlif istirahət guşələrinə kütləvi gəzintilər təşkil olunub. Bu gəzintilərdə təxminən 400-450 nəfər ailəvi olaraq istirahət etmiş, gəzintinin nəqliyyat xərci isə komitəmizin büdcəsi hesabına ödənilmişdir.BHİK-in təşkilatçılığı ilə nərd, şahmat, dama, voleybol, mini-futbol yarışları keçirilmiş, qaliblər Fəxri Fərman, pul və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.9 May-Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi veteranları və iştirakçıları ilə Sərhəd Qoşunları Baş Klinik Hospitalında görüş keçirmişik. Görüşdə 13 veteran iştirak etmiş, onlara pul mükafatı təqdim olunub və bayram süfrəsi açılmışdır.Demək olar ki, bütün hərbi hissə komandirləri ad günü və yubileyləri münasibətilə bizim tərəfimizdən mütəmadi olaraq təbrik olunurlar. BHİK-in Rəyasət Heyəti üzvlərindən ibarət bir qrup Beyləqan korpusuna səfər etmişdir. Səfərin əsas məqsədi Füzuli rayonunda yerləşən hərbi hospitalda müalicə olunan zabit və əsgərlərə baş çəkmək idi. Biz belə səfərləri gələcəkdə də davam etdirmək fikrindəyik.Abiyət xanım çıxışının sonunda demişdir: Plenum üzvləri və qonaqlar əmin ola bilərlər ki, həmkarlar ittifaqı təşkilatları ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək, hər zaman xalq ilə ordunun birliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəkdir.B.RZAYEV