Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı


Baxıldı : 164

Tarix : 2016-10-14 04:34:00


Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, çayçılığın, taxılçılığın, baramaçılığın, xam şəkərin, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində müvafiq qurumlara bir sıra tapşırıqlar verilmişdir.Milli Məclisin Aqrar Siyasət Komitəsinin eksperti Zahid Abbasov bildirdi ki, dövlət ənənəvi kənd təsərrüfatı sahələrinin stimullaşdırılması üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Ənənəvi sahələrin inkişafının həm iqtisadi, həm də sosial əhəmiyyəti çox böyükdür. Yeni iş yerləri açılacaq, kənddən şəhərə axının da qarşısı alınacaq və s. Eyni zamanda bu həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edəcək. Əhali hər hansı bir kənd təsərrüfatı sahəsinə o zaman maraq göstərir ki, həmin məhsuldan daha yüksək gəlir əldə edə bilsin.Ekspertin sözlərinə görə, aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur. Müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması, yeni emal müəssisələrinin açılması və son məhsula kimi emal olunma nəzərdə tutulmalıdır. Bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu il aqrar sektorda istehsalın artımı ilə yanaşı, dövlət tərəfindən ixracın stimullaşdırılması üçün müəyyənləşdirilən dəstək tədbirləri artırılıb. İlk dəfə olaraq bu il lobya, düyü və yemlik arpanın ixracına da başlanılıb. Eyni zamanda ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə edib.Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.GÜNEL