Nəqliyyat problemi həllini tapacaqmı?


Baxıldı : 154

Tarix : 2016-11-18 04:54:00


Bakıdan Xırdalana və əks istiqamətdə tıxacların aradan qaldırılması üçün daha bir addım atılıb. 2015 - ci il sentyabr ayının 15-dən fəaliyyətə başlayan Bakı -Sumqayıt elektrik qatarı infrastrukturunun yenilənməsi ilə artıq Biləcəri və Xırdalan sakinlərinə də xidmət göstərəcək.\ Azərbaycan Dəmir Yolları\ Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun mətbuata verdiyi məlumata görə, dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Noyabrın 19-dan artıq bu istiqamətdə hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilməsi nəzərdə tutulur. Bu qatarların fəaliyyəti, yəqin ki, Abşeron rayonu sakinlərinin nəqliyyatla bağlı probleminə müsbət təsir göstərəcək. Xırdalan şəhəri və Abşeron rayonu istiqamətində paytaxtdan 6-10 dəqiqəlik intervalla avtobuslar hərəkət edir, lakin praktika göstərir ki, bu vaxt aralığı böyükdür və ictimai nəqliyyat xüsusən səhər və axşam saatlarında sərnişin həcminin öhdəsindən gələ bilmir. Avtobus dayanacağa vaxtında gəlsə də, ona daxil olmaq mümkün olmur. Bir çox insanlar evlərinə vaxtında çatmaq üçün hər vəchlə nəqliyyat vasitəsinə minmək istəsələr də, buna nail ola bilmirlər. Burada sual yaranır, qatarların fəaliyyəti ictimai nəqliyyatda olan sıxlığa nə dərəcədə təsir göstərəcək?Bu haqda yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qəzetimizə bildirib ki, qatarların hərəkəti avtobuslara düşən yükün bir qismini azaldacaq. Gediş-gəliş sərnişinlərə rahat və əlverişli olarsa, təbii ki, qatardan istifadəyə də meyil edəcəklər. Xırdalanın bir neçə yerindən avtobuslar keçir lakin dəmiryolu vağzalı bir yerdədir, buna görə də avtobuslardakı sıxlıq nəzərəçarpacaq qədər azalmayacaq. Bununla belə, biz ümid edirik ki, bu nəqliyyat xətti avtomobil yollarında intensivliyin azaldılmasına, ekoloji vəziyyətin yaxşılaşmasına, sərnişinlərin rahat və komfortlu şəkildə mənzilbaşına çatdırılmasını təmin edəcək. Bundan başqa, bu nəqliyyat növü öz təhlükəsizliyi ilə də tanınır.Əsli ƏHMƏDOVA